İranın sensasion Güney Azərbaycan ssenarisi – Tehran elə bir planı işə salıb ki…

İranın sensasion Güney Azərbaycan ssenarisi – Tehran elə bir planı işə salıb ki...

İranın yeni seçilən prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərinin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb. Bu haqda onun seçki qərargahı məlumat yayıb. Bildirilib ki, bunun üçün 15-ci prinsip komitəsi yaradılıb və Cavad Miri komitənin rəhbəri təyin edilib.

İranda qeyri-fars dillərinin tədrisi nə kimi yeniliklərə səbəb olacaq? Məsud Pezeşkian ölkə konstitusiyasında bu məsələ ilə bağlı müvafiq dəyişiklik edə biləcək? Bu onun təşəbbüsüdür, yoxsa İran mərkəzi hakimiyyətinin?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İran konstitusiyası tərtib edilərkən orada qeyri-fars dillərinin tədrisinə dair maddə əks olunub:

“Lakin bu günə qədər bu maddə icra edilməyib. Prezidentlər də bu məsələni gündəmə gətirməyib. Məsud Pezeşkianın indiki məqamda bu təşəbbüslə çıxış etməsi bir neçə amil ilə bağlıdır.

Məsud Pezeşkianın timsalında İranda ilk dəfə prezident seçkilərində milli amil qabarıq şəkildə önə çıxdı. Təsadüfi deyil ki, bunun nəticəsi olaraq Məsud Pezeşkianı başda Güney azərbaycanlılar olmaqla digər etnik azlıqlar dəstəkləyərək başa gətirdi. Bu əslində İranda milli məsələnin təxirə salınmaz problem halına gəldiyini göstərir.

İranın sensasion Güney Azərbaycan ssenarisi – Tehran elə bir planı işə salıb ki...

Oqtay Qasımov 

15-ci maddənin icrası istiqamətində komitənin yaranması və Cavad Mirinin komitənin rəhbəri təyin edilməsi müsbət hadisədir. Bununla belə burada İran Ali dini liderinin nə istədiyi önəmli bir məqamdır. Yəni o qərarlı şəkildə məsələnin icrasını istəyərsə, problem həll edilə bilər. Yox, bu baş tutmasa, əksinə, problem daha qabarıq şəkildə özünü büruzə verə bilər.

İranda prezident siyasi xətti müəyyən etmir. O, sadəcə Ali dini liderin müəyyən etdiyi siyasəti icra edir. Yəni bu təşəbbüs əslində İran Ali dini liderinin təşəbbüsüdür. Hər halda İran rəhbərliyinin bu məsələdə nə qədər səmimi və konstruktiv olduğunu zaman göstərəcək”.

Globalinfo.az xatırladır ki, Pezeşkianın hakimiyyətə gəlməsində İran dərin dövlətinin rolunun olduğu haqda indiyə kimi çox yazılıb, deyilib.

İranın sensasion Güney Azərbaycan ssenarisi – Tehran elə bir planı işə salıb ki...

Məsud Pezeşkian və Ayətullah Seyid Əli Xamenei

Əsas arqument budur ki, İranı gözləyən milli oyanış hərəkatını önləmək üçün dini və siyasi çevrələr bu addıma getməyə məcbur oldular. Görünür, İranın beyin mərkəzləri Güney Azərbaycan amilinin kənar güclərin əlində ideoloji silaha çevrilməsinin qarşısını bu cür gözlənilməz addımlarla almağa çalışırlar. İlkin mərhələdə azərbaycanlı namizəd seçki yarışına qatıldı, ictimai rəy onun prezident olmasına hazırlandı, seçki kampaniyası dövründə Pezeşkian cəmiyyətə mesajlar ötürdü, türk faktoru qabardıldı. Sonra o, seçkidə qalib gəldi. Nəhayət, prezident kimi reformalara başladı. İlk addımı da dil faktoru ilə bağlıdır – hansı ki, bu, İranda olduqca həssas məsələdir.

Beləliklə, farslardan sonra İranda ən böyük etnik kəsim olan azərbaycanlılar neytrallaşdırılır və onların ABŞ-dan, İsraildən, Avropadan, hətta Azərbaycandan təsirlənmələrinin qarşısı alınır.

Bu siyasət uzun müddət üçün işə yarayacaqmı? Sualın cavabını zamana buraxmaq daha doğru olar.

Turan Rzayev
Globalinfo.az