İranın qonşuları təhlükə altındadır – ABŞ-dan XƏBƏRDARLIQ

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib ki, Ağ Ev və müttəfiqləri Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın əhəmiyyətli dərəcədə artacağı təqdirdə sərt tədbirlər görmək niyyətindədir. O iddia edib ki, bu tərəfdaşlıq İranın qonşuları və beynəlxalq ictimaiyyət üçün zərərlidir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri qeyd edib ki, İran-Rusiya hərbi əməkdaşlığından narahat olan ABŞ bunun sadəcə kamikadze dronların rəsmi Moskvaya verilməsi ilə yekunlaşmayacağını anlayır:

“Görünür, ABŞ-da konkret kəşfiyyat məlumatları var ki, İran ya ballistik raketlərini Rusiyaya ötürməkdə davam edir, ya da bu istiqamətdə ciddi hazırlıqlar var. Bu da Ukrayna cəbhəsində Rusiyanın mövqelərini gücləndirir. Kiyevin hazırda çətin durumunda raketlərin Moskvaya verilməsi onun üçün müsbət haldır. Ortada Rusiya-İran-Çin üçlüyü var. Bu üçlük Qərb dünyasına qarşı ciddi savaş aparır. Ukrayna müharibəsində ağır duruma düşən Moskva məhz bu üçlük nəticəsində ABŞ üçün Yaxın Şərqdə İsrail-HƏMAS müharibəsi kimi ikinci cəbhə açdı. Bu da rəsmi Vaşinqtonun müəyyən mənada tükənməsinə səbəb oldu. İndi ABŞ iki cəbhədə “döyüşə” bilmir.

Rusiya-İran-Çin üçlüyü Hindistanda keçirilən “G-20” sammitindən sonra yaradılması istənilən yeni Hindistan-Yaxın Şərq-Avropa kommunikasiya sistemini başlamamış məhv etdilər. Bunu Yaxın Şərqdə süni yaradılan müharibə nəticəsində etdilər. Çünki bu, İran və Çindən yan keçən sistem idi”.

Politoloqun fikrincə, ABŞ bu üçlüyün daha da güclənməsini istəmir:

“ABŞ Ermənistan-İran əlaqələrinin genişlənməsindən narahatdır. Çünki Tehranın İrəvan üzərində nəzarətinin artacağını düşünür. Dəfələrlə Ermənistan rəsmilərinin İrana səfəri zamanı Tehran rəsmiləri İrəvanla müdafiə və təhlükəsizlik yönündə saziş imzalamağa hazır olduqlarını bəyan ediblər. Hətta bunun real nəticəsi olaraq müəyyən təhlükəsizliyi təmin etmək üçün Zəngəzur bölgəsinə İran qoşularının yeridilməsi də müzakirə predmeti olub. Bu informasiyalar Ermənistan mediasında təsadüfən yer almamışdı. İran və Rusiya əməkdaşlığının güclənməsi Azərbaycan-İran münasibətlərinin gərginləşməsinə səbəb olacaq. Bu potensial təhlükə hər zaman mövcuddur. Tehrandakı səfirliyimizə qarşı törədilən terror hadisəsindən sonra hələ də münasibətlər sistemi normal məcraya düşməyib”.

Politoloq ABŞ-ın bu açıqlamasında Rusiyanın rolununun olduğunu istisna etmir:

“Dolayısı ilə Rusiyaya mesaj verirlər ki, ballistik raketlər alsanız, biz də Ukraynaya uzaqmənzilli raketlər verə bilərik. Bunların Kiyevə verilməsi rus ordusunun təchizatında, logistikada ciddi problemlər yaradacaq”.

Safura Bənnayeva
Globalinfo.az