İranın nüvə obyektləri ətrafında gərginlik: İsrailin cavabı dəhşətli olacaq

İranın nüvə obyektləri ətrafında gərginlik: İsrailin cavabı dəhşətli olacaq
İranın Nətənzdəki nüvə kompleksi ətrafında hava hücumundan müdafiə sistemi işə düşüb. Bu barədə İran Teleqram kanallarında məlumat yayılıb. Yayılan qeyri-rəsmi məlumatlara görə, dünən hava hücumundan müdafiə sistemləri işə düşüb və atəş açıb.

İran münaqişəyə hazırlaşır?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib ki, ötən ilin oktyabrın 7-dən etibarən Yaxın Şərqdə gərginlik müşahidə edilir:

“Hər gün İsrail-İran müharibəsinin başlayacağı ilə bağlı, eyni zamanda əksinə fikirlər səsləndirilir. Müharibənin baş tutmamasında, həmçinin Yaxın Şərqdə gərginliyin alovlanmasında maraqlı olan tərəflər var. Əslində İsrailin mövqeyi məsələni kökündən həll etməkdən yanadır. Amma Yaxın Şərq problemi tezliklə həllini tapa bilməyəcək. Ötən əsrin ortalarından başlayan, bu günə qədər davam edən, zaman-zaman müharibə formasına keçən prosesdir. Fransa prezidenti Emmanuel Makron İsrailə qarşı səsləndirdiyi fikirlərinin birində qeyd etmişdi ki, rəsmi Təl-Əviv BMT qətnaməsi ilə yaradılıb və buna hörmət etməlidir. Zamanında münaqişəni yaradan tərəflər vəziyyətin bu səviyyəyə çatmasının səbəbkarlarıdırlar. Müharibədə ən böyük zərəri, itkini mülki şəxslər görür”.

İranın nüvə obyektləri ətrafında gərginlik: İsrailin cavabı dəhşətli olacaq

Xəyal Bəşirov

Politoloqun sözlərinə görə, “Hizbullah” liderinin öldürülməsindən sonra İranın İsrailə cavab verəcəyi gözlənilirdi:

“Livandan İsrail ərazilərinin hədəfə alınmasından sonra Təl-Əvivin Tehrana cavabı qaçılmaz olub. Bu cavabın dəhşətli, unudulmaz olacağı da istisna edilmir. İranın narahatlığı əbəs deyil. Hər iki tərəf bir-birilərinə qarşı hədə dolu fikirlər səsləndirirlər. İranın nüvə kompleksində hava hücumundan müdafiə sisteminin aktivləşməsi həm yoxlama, həm də hücumlara hazır olduqlarını göstərmək məqsədilə də aparıla bilər”.

Xəyal Bəşirov qeyd edir ki, hazırda daha çox psixoloji müharibə gedir:

“Psixoloji hücumlar qarşıdurmaların gedişinə çox ciddi təsir göstərir. İsrail hücumla bağlı dəqiq mövqe bildirməyib. Hər bir halda nüvə obyektlərinin vurulması dəhşətli hadisədir. Çünki nüvə silahının hədəfləri çox olur. İki ölkə müharibəyə başlayarsa, buna qoşulan tərəflər də çox olacaq. Beləcə, gərginlik daha geniş areala yayılacaq. İsrailin təkbaşına İranla mübarizə aparması üçün ciddi resursları yoxdur. Bu məsələdə ABŞ ona dəstək göstərəcək. İranın da öz növbəsində ciddi maneələri var”.

Safura Bənnayeva
Globalinfo.az