“Uzun illər beynəlxalq normalara sayqısızlıq göstərən, bəşəri dəyərləri, insan haqlarını şəxsi mənafeyə qurban verən, terror, təcavüz yolunu dövlət siyasətinə çevirən İranın hazırda acınacaqlı vəziyyətə düşməsi təbiidir və bu, dövrün reallıqlarından irəli gəlir”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Tahir Rzayev İranın son vaxtlar Azərbaycana qarşı yürütdüyü siyasət və Qarabağa agentlərini göndərməsi haqda danışarkən deyib.
O bildirib ki, İran din pərdəsi altında nəinki öz vətəndaşlarına, eləcə də islam aləminə xəyanət yolunu tutub:
“Bu, Azərbaycana qarşı münasibətdə də özünü aydın göstərir. Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi illərində İran Ermənistana hərbi yardımlar edib, yanacaq, silah verib. İşğal dövründə Azərbaycan ərazilərini, şəhər və kəndlərimizi talan edən, viran qoyanlar Ermənistanla İran olub”.
Deputat qeyd edib ki, İran bu gün də anti-Azərbaycan siyasət yürüdür, Qafanda konsulluq açır, sərhədlərimizdə hərbi təlimlər keçirir, yalan bəyanatlar səsləndirir və Ermənistanla münasibətləri genişləndirməkdə davam edir:
“İran Türkiyəyə qarşı münasibətdə də sağlam deyil. Ümumiyyətlə, molla rejimi Türkiyənin və Azərbaycanın inkişafının əleyhinədir və bu qardaş dövlətlərin nüfuzunun yüksəlməsinə qısqanclıqla yanaşır.
Aparılan yanlış siyasət və dünyanın əksər dövlətləri ilə münasibətlərin pozulması bu gün İranda baş verən qarşıdurmalar üçün zəmin olub və xalq artıq rejimdən bezib. Davam edən uzunmüddətli aksiyalar, öz haqqını tələb edən insanların güllələnməsi, etirazçıların edam edilməsi İran hakimiyyətinin məkrli siyasətini bir daha ortaya qoyur. Xalq qətiyyətlə rejimin istefasını tələb edir və öz mövqelərində israrlı olduqlarını nümayiş etdirirlər. Hadisələr isə İranın çökməsindən xəbər verir”.
Zaira Akifqızı
Globalinfo.az














