Azərbaycanla Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi davam edir. Bakı Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edən “Qardaş yumruğu” kod adlı təlimlərə Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcıları və digər hərbi təyyarələri də cəlb edilib.
Təlimlərin davam etdiyi bir zamanda Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərə gəlməsi də diqqət çəkir.
Maraqlıdır, Hulusi Akarın bu səfəri təlimlər ilə bağlıdır, yoxsa başqa səbəbləri var?
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən politoloq Murad Sadəddinov deyib ki, “Qardaş yumruğu” kod adlı birgə təlimlərin əsas məqsədi son zamanlar İran tərəfindən Azərbaycana qarşı səslənən yersiz təhdidlərə cavab verməkdir:
“Bu təlimlər başda İran olmaqla bizi hədələyən dövlətlərə 2021-ci ilin iyun ayının 15-də Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsinin qüvvədə olduğunu xatırlatdı. Yəni iki ölkədən birinə hər hansı kənar təhdid yaranarsa, ona birlikdə cavab verəcəklər.
İran bir müddət öncə sərhədlərimiz yaxınlığında keyfiyyətsiz, 70-ci illərdən qalma silah və hərbi texnikaları ilə bizə qarşı güc nümayiş etdirdi. Rəsmi Bakı və Ankara isə bu təlimlər ilə bir daha göstərdi ki, əslində nəyə qadirdirlər.
Xüsusilə qeyd edim ki, təlimlərin həm də gecə vaxtı keçirilməsi hərb elmində yüksək idarə olunma və hərbi qüvvələrin peşəkarlıq göstəricisi sayılır. İranın isə belə imkanları yoxdur. Azərbaycan Silahlı Qüvvələri isə həm hərbi hava qüvvələri, həm də XTQ səviyyəsində gecə təlimlərini yüksək səviyyədə həyata keçirə bilir.
Hesab edirəm ki, bu təlimlərin əsas diqqətçəkən məqamı silahlı qüvvələrin çayların keçirilməsini məşq etməsidir. Bu o deməkdir bizim qarşımızı istər təbii, istərsə də süni maneələr kəsə bilməz. Düzdür, Azərbaycanın bu gün Araz çayını keçmək kimi bir niyyəti yoxdur, lakin bununla belə İran tərəfindən təhdid yaranarsa, bunu da edə bilərik.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Türkiyə hərbi potensialına görə NATO-nun ikinci ən qüdrətli ölkəsidir. NATO-nun ikinci güclü ölkəsinin Azərbaycan ilə birlikdə təlimlər keçməsi İran üçün kifayət qədər əsaslı cavabdır”.
Politoloq Türkiyə müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri haqda danışıb:
“Türkiyə müdafiə naziri böyük heyət ilə Azərbaycana gəlib. Onların Bakıda olması təlimlər ilə bağlıdır. Tərəflər arasında görüş zamanı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin gələcək perspektivləri müzakirə olunub. Azərbaycan tərəfinin hazırda hərbi sahədə ehtiyacları ilə bağlı da müzakirələrin aparılması mümkündür.
Hesab edirəm ki, regionda baş verən təhlükələr ilə bağlı konsultasiyalar da aparılıb. İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də regional təhdidlər müzakirə edilən mövzular sırasında ola bilər”.
Murad Sadəddinov F-16-ların Azərbaycana gəlməsini böyük hadisə adlandırıb:
“Bu təyyarələri Türkiyə hərbi sənayesi “ASELSAN Roketsan” tərəfindən modernləşdirib. Radar fəaliyyətləri effektivdir. Daşıdıqları raketlər dəqiq və uzun məsafədən tapşırıqları yerinə yetirməyə malikdir. İranda 70-ci illərə aid MİQ təyyarələri istifadə edilir. Helikopterlər isə şah rejimi dövründən qalıb. Onlar sadəcə olaraq görüntü yarada bilirlər.
F-16-lar nüvə silahı daşıyıcısı olan təyyarələrdir. Türkiyənin İncirlik hərbi bazasında məhz bu təyyarələrin daşıması üçün B-61 tipli nüvə başlıqlı bombaları var”.
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə isə Azərbaycan-Türkiyə birgə təlimi birmənalı olaraq İran mollalarına qarşı cavab reaksiyasıdır:
“Təlimlər həm də Şuşa Bəyannaməsini həyata keçirməsinə dair fəaliyyətimizi bizə qarşı olan qüvvələrə nümayiş etdirmək məqsədi daşıyır. Təlimlər zamanı bir daha iki ölkə silahlı qüvvələri istənilən coğrafiyada istənilən vəzifələri koordinasiyalı şəkildə yerinə yetirə biləcəyini göstərmiş oldu.
Təbii ki, təlimlər üçün məhz Astara, Cəbrayıl, İmişlinin seçilməsi təsadüfi deyil. Belə ki, bu ərazilər İrana yaxın yerlərdir və rəsmi Bakı bununla İranın təhdidlərindən narahat olmadığı mesajını verir.
O ki qaldı Türkiyə müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərinə, bu, onun təlimlərə verdiyi dəyərin göstəricisidir. Yəqin ki, Türkiyə nümayəndə heyəti təlimi sona kimi izləyəcək və yekunda brifinqdə çıxış edəcək”.
Ədalət Verdiyev F-16 qırıcıları haqda da danışıb: “Bu döyüş təyyarələri daha öncə də Azərbaycanda olub. Mümkündür ki, bundan sonra da olacaq. Paralel olaraq qırıcıların burada olması ondan xəbər verir ki, Türkiyə ordusu Azərbaycan ordusudur, Azərbaycan ordusu da Türkiyə ordusu”.
Turan Rzayev
Globalinfo.az














