İranı sevindirəcək dəhliz planı: Bakı təklif etdi, İrəvan oyun başlatdı

İranı sevindirəcək dəhliz planı: Bakı təklif etdi, İrəvan oyun başlatdı

“İranın Zəngəzur dəhlizinə qarşı çıxması Türkiyə-Azərbaycan tandeminin Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeyinin güclənməsi, həmçinin nəqliyyat-lojistika marşrutları üzərində nəzarəti ələ keçirməsindən irəli gəlir”.

Bunu Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Tehran dəhliz məsələsini Turan birliyinin lahiyəsi kimi görür:

“İran Zəngəzur dəhlizinin açılması mövzusunda təhdid dili ilə danışır. Türkiyənin susqunluğu fonunda Rusiyanın dəhlizlə bağlı mövqeyi Tehranla Moskva arasında siyasi böhranın yaranmasına səbəb olub. Zəngəzur dəhlizi açılarsa, Çin və Mərkəzi Asiyadan gələn yüklər İran ərazisindən deyil, həmin yoldan keçəcək. Bu da İranın maliyyə imkanlarının əlindən çıxması deməkdir”.

M.Əsədullazadə bildirib ki, rəsmi Bakı Zəngəzur dəhlizi ilə bağlı İrəvana “Kalininqrad variantı”nı təklif edib:

“Halbuki bu, dəhliz deyil, Azərbaycan vətəndaşlarının və yüklərinin maneəsiz şəkildə Naxçıvana daxil olması üçün sadəcə bir yol olacaq. Sözügedən təklif Ermənistan tərəfindən qəbul edilərsə, dəhliz variantını gündəmdən salacaq. Beləliklə İranın “narahatlıqları” da aradan qalxacaq.

Ermənistan İranın Rusiya ilə arasında gərginliyin artmasında, həmçinin Bakı və Ankara ilə münasibətlərinin korlanmasında maraqlıdır. Bununla öz oyununu oynamağa çalışır”.

İranı sevindirəcək dəhliz planı: Bakı təklif etdi, İrəvan oyun başlatdı
Məhəmməd Əsədullazadə 

Politoloq deyib ki, 40 kilometrlik Zəngəzur yoluna nəzarət uğrunda ABŞ və Rusiya kəskin rəqabət aparır:

“İran etiraz edir, Türkiyə prosesləri susqunluqla izləyir, Azərbaycan isə məsələni sülh müqaviləsindən kənar həll etməyi düşünür. Moskva Bakının dəhlizi silahlı toqquşma ilə açmasında maraqlıdır. Rusiya istəyir ki, Azərbaycan ordusu Zəngəzura daxil olsun, nəticədə Ermənistandakı 102-ci baza “bölgədə sabitliyi qorumaq” adı altında hərəkətə keçərək dəhlizdə mövqe qursun. Amma rəsmi Bakı belə bir planda yer almayacaq.

İran Rusiyanın yola nəzarət etməsində maraqlı deyil. Çünki o halda Moskva Bakı və Ankara ilə birgə koordinasiyalı fəaliyyət göstərəcək. Dəhlizə nəzarət etmək uğrunda mübarizə aktiv fazaya keçib. Azərbaycan və Ermənistan sülh müqaviləsini tezliklə imzalayarsa, Zəngəzur dəhlizi “Kalininqrad variantı” ilə açıla bilər”.

Turan Rzayev
Globalinfo.az