İranda terrora məruz qalan səfirliklər: Qriboyedovdan Orxan Əsgərova qədər… – SİYAHI

Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum Tehranın əsl simasını gün üzünə çıxartdı. Məsələ ondadır ki, bu, İranda xarici ölkə səfirliklərinə edilən ilk hücum deyil.

İranın yaxın tarixinə nəzər saldıqda bənzər hadisələrin əvvəllər də baş verdiyinin şahidi olmaq mümkündür.

Globalinfo.az İranda səfirliklərə edilən hücumlar haqda maraqlı məlumatları təqdim edir:

1. Rusiya səfirliyinə hücum – İranda xarici dövlətlərin səfirliklərinə edilən hücumlar prinsip etibarilə 19-cu əsrin birinci yarısından başlanır. 1829-cu il fevralın 11-də çar Rusiyasının Tehrandakı səfirliyinə edilən hücum nəticəsində səfirliyinin 37 əməkdaşı və səfir Aleksandr Qriboyedov öldürüldü.

13 yaşında alim olan, 10 dil bilən, öldürülən diplomatın SİRLƏRLƏ DOLU HƏYATI - FOTO

Rusiya səfirinin qətlə yetirilməsi həmin vaxt dünyada böyük rezonans doğurmuş və diplomatik qalmaqala yol açmışdı.

2. ABŞ səfirliyinə hücum (Girov böhranı) – İranda xarici ölkə səfirliklərinə edilən hücumlara nəzər saldıqda bəlkə də ən diqqətçəkən və dünya miqyasında rezonansa səbəb olan ABŞ səfirliyinə edilən hücumdur.

1979-cu ilin noyabrında İran şahı Məhəmməd Rzanın devrilməsindən sonra Xomeyni tərəfdarlarından ibarət radikal qruplaşmanın üzvləri Amerika səfirliyinə hücum etdi. Bu hücumda əksəriyyəti diplomat olan 52 amerikalı 444 gün ərzində girov saxlanıldı. Girovlar 1981-ci il yanvarın 20-də azad edildi.

Hücumu törədənlər ABŞ-dan girovların azad edilməsi müqabilində İranda mühakimə olunmaq üçün Şah Məhəmməd Rza Pəhləvini təhvil verməsini tələb edirdi. İranın keçmiş şahı ABŞ prezidenti Cimmi Karterin izni ilə ABŞ-da xəstəxanada xərçəng xəstəliyindən müalicə olunurdu. Karter administrasiyasının son iki ilində başlayan böhran Ronald Reyqanın prezidentliyinin ilk günündə Vaşinqton və Tehran arasında Əlcəzairin vasitəçiliyi ilə imzalanmış razılaşmanın qüvvəyə minməsi ilə başa çatdı.

Diplomatik böhranın təsirləri bu gün də davam edir. Belə ki, SEPAH İranın mərkəzində yerləşən və “casusluq yuvası” adlandırdıqları ABŞ səfirliyinin binasından öz təbliğat fəaliyyətləri üçün qərargah kimi istifadə edirlər.

3. Türkiyə səfirliyinə hücum – Ötən əsrin 70-80-ci illərində İranda inqilab sonrası xarici ölkə səfirliklərinə edilən hücumlardan qardaş Türkiyə səfirliyi də öz nəsibini alıb.
12 mart 1981-ci ildə bir qrup erməni terrorçusu Tehrandakı Türkiyə səfirliyinə hücum edib. Nəticədə iki təhlükəsizlik xidməti əməkdaşı öldürülüb. Terrorçulardan iki nəfər İran polisi tərəfindən həbs olunub və edam edilib.

Cup3Tint3: Crisi degli ostaggi in Iran

1981-ci il aprelin 23-də səhər saat 11:00 radələrində isə Ermənistan və Fələstin bayraqları daşıyan 5 minə yaxın insan ABŞ və Türkiyə əleyhinə şüarlar səsləndirərək Türkiyənin Tehrandakı səfirliyi önündə toplaşaraq nümayiş keçirib.

Nümayişçilərdən bir qrupun səfirliyə hücum etməsi nəticəsində eyvandakı Türkiyə bayrağı yandırılıb.

Türkiyənin o dövrdə İrandakı səfiri Tansuğ Bleda İran xarici işlər nazirinə hücumların qarşısını ala bilməyəcəkləri təqdirdə Türkiyədən komando birliyinin göndəriləcəyini deyib. Bundan sonra səkkiz saat davam edən nümayiş İran polisinin müdaxiləsi ilə başa çatıb.

28 aprel 1984-cü ildə isə Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı, iş adamı İşık Yöndər ASALA tərəfindən öldürülüb.

4. Böyük Britaniya səfirliyinə hücum – 2011-ci il noyabrın sonunda Tehranın mərkəzindəki Britaniya səfirliyi “Bəsiç” silahlılarının tələbə qanadı tərəfindən hücuma məruz qalıb. Bəzi tələbələr Britaniya bayrağını və Kraliça II Elizabetin portretini təhqir ediblər. Hücum edənlər səfirlikdəki ofislərə molotov kokteyli də atıblar.

Hücumun ilk saatlarında səfirliyin 6 əməkdaşı qısa müddətə girov götürülüb. Girovlar sonradan azad ediliblər.

Almaniya, Fransa, İtaliya və Hollandiya Britaniya ilə həmrəylik nümayiş etdirmək üçün Tehrandan səfirlərini geri çağırıb.

Bu hadisədən sonra Tehran və London arasında diplomatik münasibətlər dörd il ərzində pozulmuş vəziyyətdə qaldı.

5. Səudiyyə Ərəbistanı səfirliyinə hücum – 2016-cı il yanvarın 2-də İranın ali dini lideri Əli Xamneyinin tərəfdarları və “Bəsic” üzvləri Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum ediblər.

İran xəbər agentlikləri Səudiyyə Ərəbistanının Məşhəd və Tehrandakı səfirliyi və konsulluğuna hücumun görüntülərini yayıb. Görüntülərdə diplomatik missiya binasının talan edildiyi, molotov kokteyli atıldığı əks olunub.

Hücum İran diplomatik missiyasının Səudiyyə Ərəbistanından qovulmasına və Tehranla əlaqələrin kəsilməsinə səbəb olub. Körfəz ölkələri Tehrandan səfirlərini geri çağırıb.

BMT Təhlükəsizlik Şurası və bir çox Qərb ölkələri İranın Səudiyyə Ərəbistanı səfirliyinə hücumu pisləyib. Təhlükəsizlik Şurası sərt bəyanat yayaraq Tehranı diplomatik nümayəndəlikləri, konsulluq obyektlərini və onların personalını qorumağa və Vyana Konvensiyalarına tam riayət etməyə çağırıb.

Turan Rzayev
Globainfo.az