İranda parçalanma başladı: Böyük etirazların anonsu verildi

İranda hakimiyyətdaxili siyasi qarşıdurma getdikcə güclənir.

Globalinfo.az xəbər verir ki, Rəisi administrasiyasının apardığı uğursuz iqtisadi siyasət ultrakonservativləri rəsmən iki yerə bölüb. Nəticədə qruplar arasında hakimiyyətə nəzarət uğrunda mübarizə genişlənib.

İran mətbuatının iddiasına görə, tezliklə Rəisi hakimiyyətində iki mühüm dəyişikliyin olacağı gözlənilir. Belə ki, son zamanlar milli valyutanın dəyər itirməsinə görə tənqidlərin hədəfi olan vitse-prezident Məhəmməd Moxber ultrakonservativ Paydari Partiyasından olan Pərviz Fəttahla, iqtisadi məsələlər üzrə prezident köməkçisi Möhsen Rezayi isə Zahedi Vəfa ilə əvəz oluna bilər.

Lakin ekspertlər baş verəcək dəyişikliklərin Tehrana heç bir xeyir gətirməyəcəyini, əksinə Büdcə Təşkili və Planlama Təşkilatının rəhbəri Məsud Mirkazıminin mövqeyini gücləndirəcəyini iddia ediblər. Bunun isə öz növbəsində Mirkazıminin özünün müəllifi olduğu iqtisadi sahədəki xaosun saxlanmasına imkan yaradacağı ehtimal olunur.

İran milli valyutasının dəyəri dollara nisbətdə 450 min rialdan 570 min riala çatıb. Reformistlərə yaxınlığı ilə seçilən “Şərq” qəzeti isə bu amilin ölkədə yeni etiraz dalğasına gətirib çıxaracağını və bu sıraya daha çox şəxsin qoşulacağını yazıb.

İlkin Həsənov
Globalinfo.az