İranda ara qarışır: Seçki günü elə bir hadisə ola bilər ki..

“İranda iyun ayının sonuna nəzərdə tutulmuş seçkilər yaxınlaşdıqca mediada müzakirələr daha da qızışır. Hansı namizədin daha çox səs toplayacağı ilə bağlı müzakirələrlə yanaşı, ümumiyyətlə seçkinin baş tutacağı barədə debatlar da intensivləşir”.

Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov İranda prezident seçkisi öncəsi son prosesləri dəyərləndirəkən deyib.

Onun sözlərinə görə, İran hökuməti İslam Respublikası qurulandan bəri legitimlik uğrunda ən böyük mübarizə ilə üz-üzədir:

“Buna səbəb Hollandiyada yerləşən “Gamaan” İnstitutunun qarşıdakı prezident seçkisi ilə bağlı keçirdiyi sorğudur. Sorğu ölkənin ən azı 65 faizinin qarşıdan gələn prezident seçkilərini boykot edəcəyini ortaya çıxarıb. Respondentlərin yalnız 22 faizi mütləq səs verəcəklərini təsdiqləsə də, 12 faizi rəy bildirməkdə çətinlik çəkib.

İnstitut tərəfindən “İranlıların 2024-cü il seçkilərinə münasibəti” adlı sorğu 2024-cü il iyunun 17-dən 19-dək üç gün ərzində 77.216 seçici ilə onlayn formatında aparılıb.

Rəyi soruşulanlardan 65.9 faizi İbrahim Rəisinin qəfil ölümündən sonra növbədənkənar seçkilərin keçiriləcəyi tarix haqqında xəbərsiz olduğunu bildirib”.


Əlimusa İbrahimov

Ekspert deyib ki, sorğunun nəticələri hazırkı siyasi sistemə qarşı mövcud olan ciddi narazılıqları ortaya çıxarır:

“Belə ki, respondentlərin təxminən 68 faizi səsvermədə iştirak etməmələrinin əsas səbəbi kimi “İslam Respublikasının ümumi quruluşuna qarşı olduqlarını” göstərib. Digər diqqətəlayiq səbəblər arasında “prezidentin səlahiyyətlərinin məhdudluğu ” və “mənim üstünlük verdiyim namizədin seçkiyə buraxılmaması” daxildir.

“Gamaan” İnstitutunun İranda baş verən proseslər barədə birinci rəy sorğusu deyil. Belə sorğular mütəmadi olaraq keçirilir və proqnozların doğru çıxması ilə diqqəti cəlb edir. Bu ilin fevral ayında “Gamaan”ın keçirdiyi sorğu göstərmişdi ki, iranlıların dörddə üçü qarşıdan gələn parlament seçkilərini boykot edəcək. Bu sorğunun proqnozu böyük ölçüdə doğru çıxdı.

Son sorğuda Rəisinin ölümü ilə nəticələnən məlum vertolyot qəzası ilə bağlı ictimai rəylərə də toxunulub. Respondentlərin 51 faizi bunu “rejim daxilində hakimiyyət mübarizəsi” ilə əlaqələndirib, 13 faizi qəzanın təbii amillərlə bağlı olduğunu, 6 faizi isə xarici dövlətlərin təxribatından şübhələndiyini bildirib.

Heç şübhəsiz İranda prezident seçkiləri ilə bağlı aparılan sorğunun nəticələri ölkədə iqtisadi və sosial təlatümlər fonunda əhalinin ümumi əhval-ruhiyyəsini əks etdirir. İranda son dörd il ərzində illik 40 faizdən çox inflyasiya baş verib, 2019-cu ildən bəri ciddi nümayişlər zamanı etiraza çıxanlara qarşı görünməmiş təzyiqlər olub”.

Ə.İbrahimov bildirib ki, son günlər tanınmış siyasi və ictimai xadimlər, qadın hüquqları uğrunda mübarizə aparan fəallar, vətəndaş təşkilatları prezident seçkilərini boykot etməyə çağırırlar:

“İranda 500-dən çox müəllim, həmkarlar ittifaqı fəalı və tanınmış mədəniyyət xadimləri birgə bəyanat verərək qarşıdan gələn prezident seçkilərində səsvermədə iştirakdan imtina etmək qərarlarını açıq elan ediblər .

İranlı Nobel mükafatı laureatı Nargiz Məhəmmədi Evin həbsxanasından İranda keçirilən prezident seçkilərini pisləyib və onu “qəddar və qeyri-legitim hökumətin qeyri-qanuni seçkiləri” adlandırıb”.

Turan Rzayev
Globalinfo.az