Tezliklə İrandan Bakıya yeni mesajlar verilə bilər – Politoloq

Tezliklə İrandan Bakıya yeni mesajlar verilə bilər - Politoloq

Tehrandakı səfirliyimizə, millət vəkili Fazil Mustafaya qarşı həyata keçirilən terror aktlarından sonra Təbrizdəki konsulluğumuzun qarşısında İranın “Hüseyniyyun” birləşməsinin bayraqlarının yerləşdirilməsi ilə növbəti təxribat törədilib. İki ölkə arasında münasibətlər getdikcə gərginləşir. Həmçinin baş verən hadisələrdə İranın əlinin olması ilə bağlı yeni dəlillər ortaya çıxır.

Azərbaycan bunlara necə reaksiya verməlidir? Gərginliyin aradan qaldırılması hansı halda mümkün ola bilər?

Prosesləri Globalinfo.az-a şərh edən politoloq Xəyal Bəşirov Azərbaycanın regionda gücünün artmasının bəzi dövlətləri narahat etdiyini bildirib:

“Təəssüf ki, İrandakı mövcud rejimin Azərbaycana mənfi münasibətləri davam edir. İranın Vətən müharibəsində Ermənistana dəstəyi, daha sonra İrəvanla yaxınlaşması, səfirliyimizə edilən hücumun araşdırılmaması, millət vəkili Fazil Mustafa qarşı sui-qəsddə dəlillərin İranı göstərməsi, son olaraq Təbrizdəki konsulluğumuz qarşısında törədilən təxribat təbii olaraq Azərbaycan tərəfini ciddi şəkildə narahat edir. Bakı heç zaman Tehranla münasibətlərin pozulmasına maraqlı olmayıb. Keçmiş münaqişə ilə bağlı prosesin davam etdiyi 30 il ərzində Azərbaycan İranla münasibətlərini qonşuluq, əməkdaşlıq, dostluq müstəvisində qurub. Amma Vətən müharibəsi və ondan sonra formalaşan yeni reallıqlar Azərbaycanın qələbəsi, regionda söz sahibinə çevrilməsi və güc qazanması, həmçinin Ermənistanla gərginliyin tam aradan qalıdırılması üçün sülh sazişinin imzalanması istiqamətində vacib addımlar atması bəzi İran kimi dövlətləri narahat edir”.

Politoloq Tehranın münasibətləri yoluna qoymaq üçün bəzi addımlar atmalı olduğunu söyləyib:

“İki ölkə arasındakı gərginliyə son qoyulması üçün ilk olaraq İranın daxilində Azərbaycanla bağlı dezinformasiyalar yayan qurum və şəxslərə qarşı lazımı tədbirlər görülməlidir. Həmçinin Tehran Ermənistanın işğaldan azad olunan ərazilərdə törətdiyi islami dəyərlərə uyğun olmayan vəhşiliklərə mövqeyini bildirməlidir. Eyni zamanda səfirliyimizə hücumla bağlı ətraflı araşdırma aparılmalı, Azərbaycan dövlətinə və xalqına proses haqqında ətraflı məlumat verilməlidir. Zaman-zaman yaşanan mənfi hadisələrdə dəlillərin Tehranı göstərdiyi məqamlara aydınlıq gətirməli, izahatlar verməlidir. Amma təəssüf ki, İran bunda maraqlı görünmür, əksinə, mövcud rejim Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir. O cümlədən bu proseslərdə iştirak etməməsi ilə bağlı açıqlamaya belə cəhd göstərmir. Bu da gərginliyin daha da artırmasının İranın maraqlarına uyğun olduğunu deməyə əsas verir”.

X.Bəşirov İranın hər şeyə rəğmən yaxında gərginliyin aradan qaldırılması üçün lazımı izahat verə biləcəyini qeyd edib:

“Tehrandakı səfirliyimizin fəaliyyətinin dayandırılması və əməkdaşların təxliyəsindən sonra bizi narahat edən ən əsas məsələ Təbrizdəki konsulluğumuz və orada çalışan vətəndaşlarımızın vəziyyətidir. Amma narahatlığımız sadəcə konsulluqla bağlı deyil, bütövlükdə İran ərazisində yaşayan milyonlarla azərbaycanlının müqəddəratı ilə bağlıdır. Son olaraq konsulluğun önündə törədilən təxribatın qarşısının alınmaması İranın münasibətlərin yaxşılaşmasında maraqlı olmadığını göstərir. Əgər hansısa dövlət bizimlə münasibətlərə maraqlı deyilsə və qarşılıqlı əlaqədə üstün mövqedə olmaq istəyirsə, bizim ona cavabımız çox gecikməyəcək. İrana eyni şəkildə qarşılıq verməyə iradəmiz və gücümüz var.

Hər şeyə rəğmən düşünürəm ki, bütün anti-Azərbaycan addımlarla bağlı İran tərəfinin lazımi izahatı olacaq. Bu məsələlərdə onların əlinin olmaması ilə bağlı mövqe ortaya qoymağa çalışacaqlar. Əgər bu addımlar atılmasa, bütün olanların arxasında İranın dayanması ilə bağlı ittihamları təsdiqləməyə haqqımız var”.

Ayşən Mustafa
Globalinfo.az