İran inqilaba doğru: farslar Güney Azərbaycanı köməyə çağırdı

Torontoda İranın müxalif qruplarının “Həmrəylik, azadlığa körpü” adlı görüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, görüşdə xüsusilə müxalifətin fars və qismən kürd kəsimlərinin nümayəndələri iştirak edib. Onların sırasında həmçinin İranın vəliəhd şahzadəsi Reza Pəhləvi də iştirak edib. İclasda çıxış edən Pəhləvi İranda molla rejiminin devrilməsindən sonra sabitliyin təmin edilməsinin önəmli olduğunu deyib:

“Bu rejimi devirdikdən sonra biz özümüzə və dünyaya sübut etməliyik ki, dəyişiklik vakum yaratmayacaq, İran isə Suriyaya çevrilməyəcək. Birliyimizi saxlayıb dəstəkləmək üçün insanların internetə əlçatanlığı təmin edilməlidir. Digər tərəfdən isə tətillər İran rejiminə daxildən təzyiq üçün vacib faktor olacaq”.

İclas zamanı müxalifət nümayəndələri etniklərin də növbəti görüşlərə çağırılması və onların proseslərdə iştirakı məsələsini gündəmə gətirib. Bu təkliflə iranlı yazar, ölkədəki etiraz aksiyalarından sonra diaspor daxilində sürətlə nüfuz qazanmağa başlayan Həmid Esmaili çıxış edib. O artıq bununla bağlı danışıqların aparıldığını deyib. Esmaili danışıqlara getmədikləri və getməyəcəkləri yeganə birliyin Xalq Mücahidləri Təşkilatının olduğunu söyləyib.

İlkin Həsənov
Globalinfo.az