Azərbaycan region ölkələri ilə münasibətlərini dostluq, mehriban qonşuluq və ədalət prinsipləri əsasında qurmağa çalışır. Bu baxımdan cənub qonşumuz İranla münasibətlərin qaydaya salınması diqqət çəkir. Lakin Rusiya ilə münasibətlərdə hələ də soyuq küləklər əsir.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, İran və Rusiya ilə münasibətlər müəyyən qədər gərgin fazadadır:
“Lakin bu, nəzarətli gərginlikdir. Yəni Rusiya və İranın Azərbaycanla münasibətləri davam edir. Əslində bu iki ölkənin hər zaman ölkəmizə qarşı təxribatları və təzyiqləri olub. Onlar özlərini böyük dövlət kimi, imperiya kimi aparırdı. Rəsmi Bakı əvvəllər bunu yola verirdi. İndi isə vəziyyət fərqlidir. Ölkəmiz daha bu iki ölkəni yola vermir, milli maraqları sona qədər müdafiə edir, lazımi tədbirlər görür.
Əslində Rusiya və İranın Azərbaycana təsiri tam qırılmayıb. Yəni həyatımızn bu və ya başqa hissəsində biz bu təsirləri hiss edirik. İqtisadi, siyasi, diplomatik sferada daha çox bir təsirə rast gəlmək olar. Amma yeni dünya nizamı qurulur. Bunu hər kəs bilir. Bu proses çərçivəsində İran və Rusiyanın Azərbaycanla maraqları bəzən uzlaşır, bəzən isə uzlaşmır.
Faktiki olaraq Tehran və Moskva Suriyanı itirdi. Yəqin ki, Azərbaycanı da itirmək istəmirlər. Amma necə davranacaqlar, bu, bəlli deyil. Bərabərtərəfli əlaqələr gərginliyi aradan qaldıra bilər. Bakı ilə təzyiq dilində danışmaq heç kəsə müsbət nə isə vəd etmir”.
Turan Rzayev
Globalinfo.az