Baqrat geri çəkilir, bu yola əl atır – Bakı üçün kritik ssenari

baqrat 9

Ermənistan Baş naziri Nikol Paşinyanı devirmək planı alınmayan revanşist keşiş Baqrat Qalstanyan addım-addım siyasi iddialarından geri çəkilir. Keşiş rəhbərlik etdiyi revanşist hərəkatın gündəmində erkən parlament seçkilərinin olmadığını bildirib.

“İndi belə bir şeyi nəzərdən keçirmirik, ümumiyyətlə, bu haqda düşünmürük. İndiki mərhələdə bu haqda danışmağa belə ehtiyac yoxdur”, – Qalstanyan deyib.

Keşiş mayın 9-da İrəvanda mitinqə başlayanda Paşinyana istefa verməsi üçün bir saat vaxt vermişdi. Tələbi indiyədək yerinə yetirilməyən Baqrat bundan sonra baş nazirin impiçmenti məsələsini gündəmə gətirib, ancaq müxalifət parlamentdə azlıqda olduğu üçün bu, baş tutmayıb.

Baqrat Qalstanyan addım-addım siyasi iddialarından geri çəkilir?

Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, erməni kilsə hərəkatının müasir lokomotivi imicini yaratmaq istəyən keşiş Baqratın Paşinyanı devirə biləcək resurs və bazaya malik olmadığı aydın görünməkdədir:

“Bunu üç səbəblə izah etmək olar.

Birincisi, Nikol Paşinyan erməni cəmiyyətini Ermənistanı mümkün regional münaqişə perspektivi ilə artan qorxulara və narahatlıqlara öyrəşdirə bilib. Bunun üçün sülhün vacibliyini önə çəkən mövqelər Paşinyanın bəyanatlarında və bəzi addımlarında görünür.

Aydındır ki, Qalstanyan və digər revanşist qüvvələrin tezisləri, tərəfdarları Paşinyanın mövqeyi və elektoratı yanında çox sönükdür.

İkincisi, Paşinyan ölkə daxilindəki siyasi qüvvələrin daxili yerdəyişməsi perspektivini öz xeyrinə yönləndirə bilib və seçkilərdə qalib gəlib. Bunu onun həm kilsə, həm də diaspor üzərindəki cari şərait üçün nisbi qələbəsi kimi şərh oluna bilər.

Üçüncüsü, Paşinyan nə qədər Rusiyadan uzaqlaşıb Qərb sisteminin nüvəsinə çəkilmək istəsə də, Moskvanın İrəvan üzərindəki böyük təsirləri ucbatından istəyinə nail ola bilməyib. O, həmçinin Ermənistanı Rusiya ilə ABŞ arasındakı böyük sövdələşmə predmeti olmaq kimi klassik təcrübədən çıxarmağa da müyəssər olmayıb”.

Ekspert deyib ki, bu məntiqlə Ermənistandakı kilsə mərkəzli etirazlar həm Rusiyaya, həm də Qərbə sərfəli variant görünürdü:

“Hər ikisi bu etirazlardan Paşinyana qarşı cəza tədbiri kimi yararlanmaq niyyətində idi – məntiqləri fərqli olsa da.

Qeyd etdiyim üçüncü variantdan üç nəticə çıxarmaq olar:

– Paşinyan həm Qərbin, həm də Rusiyanın maraqlarını təmin edən uzlaşma metodologiyası tapıb və bunu tərəflərə çatdırıb. Əvəzində isə etirazlar, bu əmri verən mərkəzlər tərəfindən səngiyib.

– Paşinyan ümumiyyətlə seçici bazasına, elektoratına, mümkün seçkilərdəki qalibiyyət şanslarına güvənib hərəkət edir. Bu variantın həqiqilik nisbəti çoxdursa, onda Paşinyan, hətta mümkün təxribatları, iğtişaşları da gözə alır və belə qanlı proseslərin onu devirmək həddinə çatmayacğını düşünür.

– Ümumiyyətlə, Ermənistandakı kilsə provokasiyaları Paşinyanın layihəsidir və baş nazir özü bunu uğurla yönləndirir.

İndi üçün açılan mənzərə belə deməyə əsas verir ki, Paşinyan səbəblərdən asılı olmayaraq proseslərdən qalib çıxmaq əzmini göstərir.

Proseslərdə Azərbaycan üçün optimal ssenari Ermənistanda Paşinyanın öndərliyində siyasi sabitliyin qalmasıdır. Düzdür, Ermənistanda hər hansı iqtidar dəyişikliyi olsa belə, bu, Azərbaycanın yaratdığı regional reallıqları dəyişmək gücündə olmayacaq, lakin sülh gündəliyinin axsamaması üçün məqbul variant Paşinyanın hakimiyyətdə qalmasıdır”.

Turan Rzayev
Globalinfo.az