İran və İsrail arasında potensial təmas nöqtələri var – Putin

İran və İsrail arasında potensial təmas nöqtələri var – Putin

“İranla İsrail arasında vasitəçilik missiyasına iddialı deyilik, lakin hər iki tərəfə müəyyən ideyalar təqdim etmişik”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.

“Biz öz mövqeyimizi həm İsrailə, həm də iranlı dostlarımıza çatdırırıq. Hər iki tərəflə əlaqələrimiz var və bizim də iştirakımızla müəyyən təkliflərimiz var. Amma biz qətiyyən vasitəçi olmağa çalışmırıq, sadəcə ideyalar irəli sürürük. Əgər bu təkliflər hər iki tərəf üçün maraqlı olarsa, biz yalnız məmnun olarıq”, – deyə Putin vurğulayıb.

Rusiya lideri, eyni zamanda, İran və İsrail arasında potensial təmas nöqtələrinin olduğunu qeyd edib:

“Belə hallarda prosesə zərər vurmamaq üçün qabaqcadan danışmaq olmaz. Amma mənim fikrimcə, mümkün yaxınlaşma nöqtələri var”.

Putin həmçinin İsrailin İranın Ali lideri Ayətullah Əli Xamenei ilə bağlı təhdidlərinə də münasibət bildirib:

“Mən çox istərdim ki, belə təhdidlər, sadəcə ritorika səviyyəsində qalsın”, – deyə o əlavə edib.

Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats bir neçə gün əvvəl verdiyi açıqlamada İranla bağlı hərbi əməliyyatın əsas məqsədlərindən birinin Ayətullah Xameneinin “varlığını sona çatdırmaq” olduğunu bildirmişdi.

Putin eyni zamanda bölgədəki gərginliyin neftin qiymətinə müəyyən təsir etdiyini, lakin bu artımın ciddi hesab olunmadığını qeyd edib:

“Hazırkı vəziyyət, İran və İsrail arasındakı münaqişə müəyyən qiymət artımına səbəb olub. Lakin ekspertlərimiz bunu əhəmiyyətli saymır”,– deyə Rusiya lideri vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az