İran və Ermənistanın Azərbaycanda qanlı aktları: ölən və yaralananlar, son anda qurtulanlar…

Azərbaycan terrordan ən çox əziyyət çəkən ölkələrdəndir. 1988-ci ildən – Ermənistan ölkəmizə qarşı əsassız ərazi iddiası irəli sürəndən üzü bəri yüzlərlə dinc vətəndaşımız terrorun qurbanı olub.

Onların arasında tanınmış azərbaycanlılar da var. Məsələn, martın 19-da 30 ili tamam olan metro terrorunda tanınmış bəstəkar, istedadlı musiqiçi Rafiq Babayev həlak olmuşdu. 1994-cü il mart ayının 19-da və həmin il iyulun 3-də metronun “20 Yanvar” və “Gənclik” stansiyalarında baş vermiş terror aktları Ermənistan xüsusi xidmət orqanlarından təlimat və tapşırıq almış “Sadval” üzvləri tərəfindən törədilib.

Son illər İrana bağlı qrupların Azərbaycanda silsilə teraktlar törətmək cəhdlərinin qarşısı isə alınıb. Azərbaycan xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı, peşəkar fəaliyyəti ölkəmizdə böyük faciələrin və insan itkisinin baş verməsini əngəlləyib.

İrana bağlı qüvvələrin Azərbaycanda fəallaşması və terror aksiyaları həyata keçirmək planları vaxtında ifşa edilib. Təəssüf ki, 2023-cü il yanvarında Tehrandakı Azərbaycan səfirliyinə olan xain basqının qarşısını əvvəlcədən almaq mümkün olmadı. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdu. İki səfirlik əməkdaşı isə yaralanmışdı. Buna baxmayaraq, Bakıda və başqa şəhərlərdə nəzərdə tutulan teraktlar önləndi.

2023-cü il mart ayının 28-də axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi oldu. Terrorçu dəstə üzvü onun idarə etdiyi avtomobili evinin qarşısında gülləbaran etdi. Xoşbəxtlikdən deputat sağ qurtuldu, amma ağır yaralandı. Sonradan məlum oldu ki, sui-qəsd cəhdinin arxasında İrana bağlı qüvvələr dayanıb. Hazırda onların məhkəməsi gedir. Dəstə üzvləri məhkəmədə olduqca sensasion ifadələr verirlər.

Ötən ilin sonlarında daha bir sui-qəsd cəhdi barədə məlumat yayıldı. Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin cinayət işi üzrə araşdırma aparılarkən onların ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsd planlaşdırdıqları üzə çıxıb.

Terrorla öldürülməsi planlaşdırılanlar arasında keçmiş təhsil naziri Misir Mərdanov və Real TV-nin rəhbəri Mirşahin Ağayev də olub. Misir Mərdanov bununla bağlı 2023-cü ilin dekabrında Globalinfo.az-a müsahibə verib. Müsahibəni bu hiperlinkdən oxuya bilərsiniz.

Martın 25-də Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycanda böyük bir terror şəbəkəsi zərərsizləşdirilib. Bu şəbəkənin üzvləri Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovu öldürmək istəyib. Həmçinin dəstə üzvləri ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatın bəzi üzvlərinə də sui-qəsd planlaşdırıblar.

Xatırladaq ki, 2018-ci il iyul ayının 3-də İrana bağlı radikal dini qrup üzvü Yunis Səfərov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və polis əməkdaşı Qasım Aşbazovu öldürməyə cəhd göstərmişdi. Onun odlu silahdan açdığı atəş nəticəsində Elmar Vəliyev və Qasım Aşbazov ağır yaralanıb. Hadisədən 1 həftə sonra – iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini qrup xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşını qətlə yetirmişdi.

İrana bağlı terrorçuların Bakıda İsrail və ABŞ səfirliklərinə hücum planlaşdırdıqları haqda məlumatlar çox yayılıb. 2023-cü il iyulun 10-da Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilirdi ki, Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb. Onun Əfqanıstan vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xan olduğu müəyyənləşib. Bu şəxsin də İranın nəzarətindəki terror qruplarına bağlığı olduğu deyilirdi.

Əlavə edək ki, 2008-ci ildə “Hizbullah” İsrailin Bakıdakı səfirliyini partlatmaq istəyib. Bu məqsədlə təşkilat livanlı Əli Karakini və Əli Najem Ələddini Bakıya yollayıb. Həmin terrorun da qarşısı son anda alındı.

Son 30 ildən artıq müddətdə Azərbaycanda səs-küylü terror aksiyalarının və sui-qəsd cəhdlərinin  təşkilatçısı Ermənistan və İran xüsusi xidmət orqanlarıdır. 2020-ci ildən sonra Ermənistanın ölkəmizdə terror törətmək imkanları demək olar ki, aradan qaldırıldı. İrana bağlı qüvvələr daha da fəallaşdılar. Lakin Ermənistanın mina terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 350-yə çatır.

Terror qruplarının məqsədi dinc insanlar arasında qorxu, vahimə yaradaraq, Azərbaycanda sabitliyi pozmaqdır. Moskvada baş verən terror aktından iki gün sonra Azərbaycanda terror aksiyaları həyata keçirmək istəyən qanunsuz çətə üzvlərinin ifşa edilmələri olduqca düşündürücüdür.

Tahir TURAN
Globalinfo.az