Deputat Rəşad Mahmudovun tibbi təhsildə internatura mərhələsinin bərpası ilə bağlı təklifi ətrafında müzakirələr davam edir.
Bu təklifin gerçəkləşməsi nə dərəcədə realdır və hansı müsbət nəticələri vəd edir?
Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, Rəşad Mahmudov ixtisasca həkim olduğu üçün Azərbaycan səhiyyəsində boşluqları daha yaxşı bilir:
“Onun internaturanın bərpası haqqındakı çıxışını dəstəkləyirəm. Çünki beynəlxalq praktikada da, məsələn, ABŞ-da “Internship”, Türkiyədə “Intern Həkimlik” və ya Avropanın bəzi ölkələrində ekvivalent mərhələlər, nəzarətli praktiki hazırlıq dövrü mövcuddur. Deputat qeyd edib ki, beynəlxalq səviyyədə nəzarətli praktiki hazırlıq dövrünü keçməmiş şəxsə insan üzərində tibbi müdaxilə hüququ verilmir. Haqlıdır, belə də olmalıdır”.
Nərmin Abbaslı
Mütəxəssis bildirib ki, internaturanın bərpası bir neçə əhəmiyyətli müsbət nəticə verə bilər:
“Məsələn, gənc məzunların internatura dövründə Daxili Xəstəliklər, Cərrahiyyə, Pediatriya kimi əsas şöbələrdə rotasiyalar keçmək, gələcək rezidentin daha məlumatlı və hər hansı təcili vəziyyəti idarə etməyə hazır olmasını təmin edər. Eyni zamanda rezidenturaya qəbul ola bilməyən məzunların bu praktik ildən sonra müəyyən baza bilikləri ilə təmin edilməsi, onların ilkin səhiyyə sistemində, kənd həkim məntəqələrində, Təcili Tibbi Yardım xidmətlərində faydalı kadr kimi cəlb edilməsinə şərait yaradar. Rəşad Mahmudovun təklif etdiyi əsas məqamlardan biri də gənc həkimlərin praktik il ərzində əmək müqaviləsi ilə işlə təmin edilməsi və sosial sığorta ödənişlərinin təmin olunmasıdır. Bu, onların sosial müdafiəsinin güclənməsinə, pensiya kapitalının yığılmasına və işçi hüquqlarının rəsmiləşməsinə səbəb olar. Təklifin reallaşması Azərbaycanın tibb təhsili sistemində daha dərindən təcrübi tibbi biliklərə yiyələnən və beynəlxalq standartlara uyğun kadr hazırlığı modelinin formalaşmasına töhfə verə bilər”.
Ləman İmran
Globalinfo.az