Pezeşkianın “düşməni” Bakını hədəf aldı: “Azərbaycanı vurun” təklifini kim verib?

Pezeşkianın "düşməni" Bakını hədəf aldı: "Azərbaycanı vurun" təklifini kim verib?

İranın Britaniyadakı Səfirliyi  Prezident Məsud Pezeşkianla SEPAH arasında İsraillə bağlı ziddiyyətlərin olduğuna dair məlumatları təkzib edib. Səfirlik “The Telegraph” nəşrinin iddialarını İrana qarşı psixoloji müharibə adlandırıb.

Həmin məqalədə M.Pezeşkianın İran ordusuna İsrailin obyektlərinin yerləşdiyi ölkələri, həmçinin Azərbaycanı da hədəf almağı təklif etdiyi qeyd olunur. Maraqlıdır ki, Tehran rəsmi səviyyədə bu məlumatı təkzib etməyib, hətta ümumiyyətlə münasibət bildirməyib. Lakin Bakı bu iddialara təkzib gözlədiyinə dair İrana mesaj yollamışdı.

Tehran məqalədə Azərbaycanla bağlı yayılan informasiya qarşısında niyə susur? İran prezidenti həqiqətən belə bir ifadə işlədibmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, M.Pezeşkianın İsraillə müharibədə Azərbaycana müdaxilə edilməsi fikrini irəli sürməsi inandırıcı deyil:

“Bu, daha çox İran daxilində İsraillə qarşıdurmanı Azərbaycan platformasına köçürmək istəyən qüvvələrin ortaya atdığı iddiaya bənzəyir. Bu qüvvənin də SEPAH olduğu ehtimalı böyükdür. Təcrübəyə əsasən deyə bilərik ki, İran-Azərbaycan qarşıdurmasını əsasən SEPAH alovlandırıb. Hətta səfirliyimizə hücumun arxasında da bu qurumun hansısa formada əlaqəsinin olduğu istisna edilməməlidir.

Pezeşkianın "düşməni" Bakını hədəf aldı: "Azərbaycanı vurun" təklifini kim verib?
Asif Nərimanlı

A.Nərimanlının sözlərinə görə, SEPAH-ın Tehran-Bakı qarşıdurmasını alovlandırdığı fikri konspiroloji yanaşma deyil:

“Ortada konkret faktlar və bu hərbi qruplaşmanın sərgilədiyi mövqe var. Fikrimcə, Pezeşkianın adından “Azərbaycana müdaxilə” fikirlərinin yayılması da İranın azərbaycanlı prezidentinin Bakı ilə normallaşma prosesini davam etdirmək istəyindən qaynaqlanır. Belə bir iddia ilə Azərbaycan rəhbərliyi və Məsud Pezeşkian arasındakı münasibətlərdə şübhələr yaratmağa çalışırlar.

“The Telegraph” qəzetinin məlumatının təkzib forması da bu kontekstdə diqqət çəkir. Qəzetin Pezeşkian-SEPAH qarşıdurması iddiasını təkzib etdikləri halda, “Azərbaycana müdaxilə” haqda iddialara toxunulmur. Bu, Bakıda şübhələrin davam etdirilməsi və İranla normallaşma prosesinin pozulmasına hesablanıb. Bəllidir ki, təkzibin bu formada verilməsinin arxasında iki ölkə arasında problemlərin qalmasında maraqlı olanlar dayanır”.

Turan Rzayev
Globalinfo.az