İran öz adamlarını İsrailə satıb? – Kəfənlər geyinildi, parçalanma ola bilər

İran öz adamlarını İsrailə satıb? - Kəfənlər geyinildi, parçalanma ola bilər

HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyədən sonra onun yerinə təyin edilən Yəhya Sinvarın da İsrail ordusu tərəfindən qətlə yetirilməsi ciddi müzakirələrə səbəb oldu.

Hətta İranın HƏMAS liderlərinin asanlıqla sıradan çıxmasına şərait yaratdığına dair iddialar var. Haniyənin məhz Tehranda ölümündən sonra birbaşa İsraili hədəfə alan “Hizbullah” lideri Həsən Nəsrullahın da qətli bu iddiaları daha da gücləndirdi. Lakin onların ardınca Sinvarın da İsrail ordusu tərəfindən zərərsizləşdirilməsi şübhə oxlarını İrana çevirdi.

İran HƏMAS liderlərini, yəni öz proksilərinin rəhbərlərini niyə bir-bir gözdən çıxarır? Qruplaşma gizli lider moduna keçə bilərmi?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Yəhya Sinvarın öldürülməsi HƏMAS üçün olduqca ciddi zərbədir:

“Məhz bu hadisədən sonra İsrailin öz məqsədlərinə çatmaq istiqamətində uğur qazandığı barədə danışırlar. Lakin maraqlıdır, bu hadisənin qarşısına almaq olardımı? Düşünürəm ki, xeyr. Məhz buna görə də HƏMAS-ın öz rəhbərlərini asanlıqla qurban verməsi barədə fikirlərlə razılaşmaq olmur. Bu gün HƏMAS-ın Qəzzadakı silahlılarının böyükdən-kiçiyə hamısı İsrailin hədəfindədirlər və gec-tez Yəhya Sinvarın taleyini yaşayacaqlar. Çünki ABŞ Prezidenti Co Baydenin atəşkəsə nail olmağın vaxtı çatması barədə Təl-Əvivə xəbərdarlığı da ciddi əhəmiyyət kəsb etmir. Qərarı qəbul edən İsrail hökuməti və Baş nazir Benyamin Netanyahudur. O isə bəyanat verdi ki, Sinvarın ölümü HƏMAS-ın sonunun başlanğıcıdır. Qruplaşma da öz növbəsində sona qədər mübarizə aparacaqlarını elan etdi. Bu isə onlar da Sinvarın yolunu davam etdirəcəkləri mənasına gəlir. HƏMAS üzvlərinin hamısı kəfənlərini geyinib, kəlmeyi-şəhadətlərini oxuyublar, ölümlərinin nə vaxt gələcəyini gözləyirlər.

Hərəkatın rəhbərləri sıravi döyüşçülərlə bir sırada olmağı üstün tutduqları üçün onlarla bərabərdirlər. Rəhbərlərin təhlükəsiz yerdə sığıncaq tapmaları döyüşçülərin mübarizə ruhuna mənfi təsir göstərə biləcəyi səbəbindən onlar meydanda olmağa məcburdurlar”.

İran öz adamlarını İsrailə satıb? - Kəfənlər geyinildi, parçalanma ola bilər
Əlimusa İbrahimov

Ekspert bildirib ki, hazırda Sinvardan sonra HƏMAS-ın hansı taktika qəbul edəcəyi, rəhbər vəzifəsinə kimin gətiriləcəyi maraqlıdır:

“Sinvarın ölümü, həmçinin “Hizbullah” rəhbərliyinə namizədin aradan götürülməsi təşkilatı bu məsələdə ehtiyatlı tərpənməyə məcbur edəcək. Böyük ehtimalla yeni seçiləcək başçı Qəzzada deyil, daha təhlükəsiz yerdə özünə məskən salacaq. Düşünürəm ki, yenə də Qətər variantı ortaya çıxa bilər. HƏMAS-ın yüksəksəviyyəli lideri olan Yəhya Sinvarın İsrail qüvvələri tərəfindən aradan götürülməsinin qruplaşma üçün əhəmiyyətli nəticələrə səbəb olacağı şübhəsizdir. Bununla yanaşı onların dəqiq hərəkət kursu və strategiyalarını proqnozlaşdırmaq olduqca mürəkkəbdir. Amma istənilən halda müəyyən hipotezlər irəli sürmək olar.

HƏMAS Sinvarın ölümünə cavab olaraq hərbi fəaliyyətini gücləndirə bilər. Tarixən hərəkat bu tipli sui-qəsdlərə raket hücumları və ya İsrailə qarşı mübarizənin digər formaları ilə cavab verib. Sinvar ən döyüşkən və sərt liderlərdən biri kimi tanınırdı, onun ölümü HƏMAS-ın sıralarında qisas çağırışlarına təkan verə bilər”.

İran öz adamlarını İsrailə satıb? - Kəfənlər geyinildi, parçalanma ola bilər
Yəhya Sinvar

Politoloqun sözlərinə görə, Sinvar kimi görkəmli liderin ölümü HƏMAS daxilində hakimiyyət boşluğu yarada və potensial olaraq daxili parçalanmalara səbəb ola bilər:

“Hərəkat daxilindəki fraksiyalar liderlik boşluğunu doldurmaq üçün rəqabətə başlaya bilər ki, bu da qruplaşmada qeyri-sabitliyə səbəb olar. Hər şeyə rəğmən HƏMAS keçmişdə əsas fiqurlarını itirdikdən sonra liderliyin bərpa olunmasında həmrəylik nümayiş etdirdiyi kimi bu dəfə də toparlana biləcək.

Yəhya Sinvarın ölümü Qəzzanın mülki əhalisi üçün də çətinlikləri artıra bilər. HƏMAS İsrailə hücumlarını gücləndirməklə reaksiya verərsə, nəticədə Təl-Əvivin daha güclü hücumla cavab verməsi mümkündür.  Bu da bölgədəki mülki əhalinin vəziyyətini daha da pisləşdirəcək. Regional olaraq Sinvardan sonrakı HƏMAS-ın atacağı addımlar Yaxın Şərqin daha geniş reaksiyasını formalaşdıracaq. HƏMAS-ın yüksəksəviyyəli liderinin öldürülməsi qrup rəhbərliyində əhəmiyyətli bir boşluq yaradacaq. Hərəkat bu cür itkiləri qəbul edə biləcək şəkildə qurulsa da, varisin seçilməsi prosesi mürəkkəbdir və çox vaxt bağlı qapılar arxasında baş verir. Tipik olaraq, HƏMAS daxilində rəhbərlik bir iyerarxiya üzrə hərəkət edir və onun siyasi, yaxud hərbi qanadlarından əsas fiqurlar ortalığa çıxacaq”.

Turan Rzayev
Globalinfo.az