İran ordusuna müharibəyə hazırlıq tapşırığı verildi – Böyük savaş başlayır?

İran ordusuna müharibəyə hazırlıq tapşırığı verildi - Böyük savaş başlayır?

İranın ali dini lideri Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.

Bildirilir ki, İran hərbi komandirləri Təl-Əviv və Hayfa bölgəsindəki hərbi hədəflərə pilotsuz təyyarə və raket hücumunu nəzərdən keçirirlər.

“Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun və ordunun komandirlərinə müharibənin genişlənəcəyi, İsrail və ya ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə hücum və müdafiə planları hazırlamağı tapşırıb”, – məlumatda qeyd edilib.

Proses İran-İsrail müharibəsinə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, İranla İsrail arasında genişmiqyaslı müharibənin başlaması real deyil:

“Belə ki, hazırda İranın daxili sosial-iqtisadi vəziyyəti o qədər də yaxşı deyil. Yəni total bir müharibənin xərcini qarşılayacaq gücə sahib deyillər. Bu, mövcud vəziyyəti daha da pisləşdirə bilər. Bununla belə, İran ənənəvi tərzdə İsraillə mübarizəni davam etdirəcək. Yəni HƏMAS, Hizbullah üzərindən zərbələr endirilə bilər.

Əslində, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi İsrailin gücünü göstərdi. Bu, Tehranı çəkindirmək üçün kifayətdir.

İranın ali dini lideri Əli Xameneinin açıqlamasına gəldikdə isə deyə bilərəm ki, bu daha çox onların daxili məsələsi ilə bağlıdır. Yəni Əli Xamenei və SEPAH bir növ Prezident Məsud Pezeşkiana gözdağı verir. Çünki Pezeşkianın seçki kampaniyası daha çox islahat və sülh üzərinə qurulmuşdu. Əli Xamenei isə İranda əsas söz sahibinin kim olduğunu göstərməyə çalışır.

İran ordusuna müharibəyə hazırlıq tapşırığı verildi - Böyük savaş başlayır?

Fərid Şəfiyev

Regionda genişmiqyaslı müharibənin olub-olmaması həm də ABŞ prezident seçkilərindən asılıdır. Donald Tramp prezident seçilərsə, İranla vəziyyət daha da kritikləşə bilər. Hətta İrana birbaşa hücum belə istisna deyil. Amma demokratların namizədi Kamala Harris seçilərsə, proses fərqli ola bilər, çünki onlar müharibələri dəstəkləmirlər”.

Globalinfo.az bildirir ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bütün diqqətlər İsrailə yönəldi. Belə ki, bir çox ekspert bu hadisəni HƏMAS-ın İsrailə hücumundan sonra formalaşan “İsrail keçilməz deyil”, “İsrailə hücum etmək olar” düşüncəsinin qırılması kimi şərh edir. Ekspertlər bu hadisə ilə İsrailin həm də sarsılan prestijini bərpa etdiyini düşünür.

Turan Rzayev
Globalinfo.az