İranın mərkəzi və qismən qərb bölgələrində hava məkanı beynəlxalq tranzit uçuşlar üçün yenidən açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcit Əxvan məlumat yayıb.
Əxvanın sözlərinə görə, həmin ərazilər yalnız beynəlxalq və tranzit reyslər üçün açıq olacaq.
Qeyd edək ki, bundan əvvəl İran ölkənin şərq bölgələrində beynəlxalq və daxili uçuşlara məhdud şəkildə icazə vermişdi.
Bu addım İranla İsrail arasında baş verən və 12 gün davam edən silahlı qarşıdurmadan sonra ilk yumşalma əlaməti kimi qiymətləndirilir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq Tehranın gizli hərbi-nüvə proqramını həyata keçirdiyini bildirib. Tehran qısa müddət sonra cavab hücumlarına keçib. ABŞ da münaqişəyə müdaxilə edərək iyunun 22-nə keçən gecə İranın nüvə obyektlərinə hücum edib. Cavab olaraq İran iyunun 23-də axşam saatlarında ABŞ-ın Qətərdəki Əl-Üdeyd bazasına raket zərbəsi endirib.
Aysel Əliyeva
Globalinfo.az














