İran etirazlarında diqqətdən qaçan detal – Politoloq

“İran artıq iki gündür türklər, ərəblər və kürdlər yaşayan vilayətlərdə etirazçılara qarşı döyüş zonalarında belə qadağan olunmuş zəhərli qazdan istifadə edir. Bu, mürəkkəb təsirli qıcıqlandırıcılar qrupuna aid xlorobenzalmalondinitril adlanan kimyəvi qazdır”.

Globalinfo.az bildirir ki, bu sözləri politoloq Yeganə Hacıyeva qeyd edib.

Onun sözlərinə görə, qadağan olunmuş bu kimyəvi qazlar havasızlıq, nəfəs yollarını yandırma, ürək çatışmazlığı kimi fəsadlara yol açır. Bu üsulla etirazçıları zəhərləyib öldürürlər. Ən ciddi fəsadlarından biri isə reproduktiv sistemin sıradan çıxarması təsiridir:

“Yerli insan haqları təşkilatlarının məlumatlarına görə, təhlükəsizlik qüvvələri etirazlarda ən çox qadın, xüsusilə uşaqları Azərbaycan türkləri, ərəblər və kürdlərin yaşadığı bölgələrdə öldürürlər.

Etirazlar bütün İran boyu davam etsə də, reproduktiv sistemi sıradan çıxaran qadağan olunmuş kimyəvi qazın istifadəsini, xüsusilə öldürülmüş qadın və uşaqların  digər millətlərin yaşadığı bölgələrdə olmasını nəzərə alsaq, demək, İran hakimiyyəti bu etirazları etnik qruplarla hesablaşmaq üçün yeni bir imkan kimi dəyərləndirir.

Bunun günahı isə İran hakimiyyəti ilə paralel, BMT İnsan Haqları Şurası, BMT İnsan Haqları üzrə Ali Komissarı və çoxmilyardlıq beynəlxalq insan haqları industriyasındadır”.

Gülnar Səlimova
Globalinfo.az