İsrailin və ABŞ-ın hava hücumları nəticəsində İranın nüvə obyektlərinə ciddi ziyan dəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı dövlət televiziyasında çıxışı zamanı danışıb.
“Son iki gündə hücumlar müvəqqəti olaraq dayandırılıb və Atom Enerjisi Təşkilatının əməkdaşları obyektlərə dəyən ziyanı diqqətlə qiymətləndirirlər. Təəssüf ki, bu ziyan xeyli ciddidir. Hazırda məsələ ilə bağlı ekspertlər səviyyəsində müzakirələr aparılır”, – Araqçı bildirib.
Nazirin sözlərinə görə, bəzi obyektlər və infrastrukturlar tamamilə dağılıb. Bu səbəbdən Tehran ziyanın ödənilməsi məsələsini gündəmə gətirməyi planlaşdırır.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan təxminən bir gün sonra İran cavab zərbəsi endirib. ABŞ isə 22 iyun gecəsi münaqişəyə qoşularaq İranın üç nüvə obyektini bombalayıb. Cavab olaraq 23 iyun axşamı İran Qətərdə yerləşən və bölgənin ən böyük hərbi bazası hesab edilən “Əl-Üdeyd”ə raket zərbəsi endirib.
ABŞ Prezidenti Donald Trampın açıqlamasına görə, İsrail və İran arasında atəşkəs rejimi razılaşdırılıb və bu 24 iyun tarixində qüvvəyə minib.
Aysel Əliyeva
Globalinfo.az














