Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı son xəbərdarlığı rəsmi İrəvanda narahatlıq yaradıb. Belə ki, İlham Əliyevin o sözlərini Ermənistanın müharibə hədəsi kimi qəbul etdiyi, bundan qorxduğu deyilir. Zəngəzur dəhlizinin tezliklə açılmasının vacib olduğunu vurğulayan ölkə başçısı sözügedən çıxışında Ermənistanın 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməli olduğunu bildirib. Xüsusilə də Zəngəzur dəhlizinin açılmasının Ermənistanın ərazi suverenliyinə heç bir təhdid olmadığını diqqətə çatdırıb.
Erməni politoloq Vahe Hovannisyan da mövzunu maraqlı şərh edib. Onun sözlərinə görə, Paşinyan deyə bilər ki, “Əgər müharibə istəmirsinizsə, güzəştə getməliyik”.
Zəngəzur dəhlizi qısa müddət ərzində açıla bilərmi?
Globalinfo.az-a danışan siyasi təhlilçi Füzuli Qurbanov deyib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı böyük qüvvələrin də marağındadır:
“Dəhliz prinsipial olaraq həm Cənubi Qafqazda, həm də geniş bir məkanda geosiyasi dinamikanı müsbətə doğru dəyişmək iqtidarındadır. Rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı hansı qərar verəcəyi özündən çox ona təsir edən qüvvələrin – konkret olaraq Qərb və İranın fəaliyyətindən asılı olacaq. Burada Qərb və İranın maraqları toqquşur. Hər ikisi Ermənistanı təsir altında saxlamağa çalışır. O cümlədən Zəngəzur dəhlizi ilə bağlı öz maraqlarına uyğun həll yolunu arzulayırlar. Bu baxımdan ABŞ-ın Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalaması, Ermənistan parlamentinin Aİ üzvlüklə bağlı müraciət etməsinə dair informasiyaların meydana çıxması təsadüfi deyil”.
Füzuli Qurbanov
Siyasi təhlilçinin sözlərinə görə, İran Ermənistana xəbərdarlıq edir ki, Qərb qüvvələrinin bu şəkildə regiona gəlişinə razı deyil və ona görə də müəyyən addımlar atacaq:
“İndiki mərhələdə sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması zəruridir. Lakin bir çox məqamlarda böyük və geosiyasi güclərin mübarizəsinin prosesə təsirinin olacağını düşünürəm. Məsələnin bu il, yaxud da sonrakı illərdə reallaşıb-reallaşmaması isə sözügedən həssas məqamlardan asılıdır. Yekunda isə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Zəngəzur dəhlizi mütləq açılacaq”.
Safura Bənnayeva
Globalinfo.az













