İran deyir, AEBA təkzib edir: “Tehran bizi məlumatlandırmayıb”

İran deyir, AEBA təkzib edir: "Tehran bizi məlumatlandırmayıb"

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığı dayandıra biləcəyi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, agentlik hələ rəsmi bildiriş almayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

ABEA nümayəndələri bildiriblər:

“İranda əməkdaşlığın dayandırılması ilə bağlı qanun layihəsinin hazırlandığından xəbərdarıq, lakin bu məsələ ilə bağlı bizə hələ rəsmi bildiriş təqdim olunmayıb”.

Xatırladaq ki, 25 iyun tarixində İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 26 iyunda isə bu layihə Konstitusiyanın Keşikçilər Şurası tərəfindən təsdiq olunub. Hazırda sənəd prezidentin imzasına təqdim olunmaq üzrədir.
İran tərəfi daha öncə bildirmişdi ki, AEBA rəhbərliyinin İsrailin İrana qarşı mülki nüvə obyektlərinə hücumlarını pisləməməsi əməkdaşlığın dayandırılması üçün əsas ola bilər. Tehran vurğulayıb ki, ABŞ və İsrailin hücum etdiyi bütün obyektlər AEBA-nın nəzarəti altında olub, lakin agentlik bu hücumların qarşısını almaq üçün heç bir addım atmayıb.

Qeyd edək ki, 13 iyun gecəsi İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq İran bir gün sonra hücum həyata keçirib. ABŞ isə 22 iyun gecəsi İranın üç nüvə obyektinə zərbə endirərək münaqişəyə qoşulub. 23 iyun axşamı İran Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd hərbi bazasına raket zərbəsi endirib. ABŞ rəsmiləri zərbə nəticəsində xəsarət alan olmadığını və ciddi zərər qeydə alınmadığını bildirib.
24 iyun tarixində ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəsə razılaşdığını açıqlayıb.

Aysel Əliyeva
Globalinfo.az