İran bu qruplaşma üzvlərini Bakıya verməyincə… – Şərh

“Azərbaycan Prezidenti İlham Əliyevin mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı İranla münasibətlərə dair açıqlaması Tehranın Bakıya normallaşma mesajı verdiyini, lakin tələblərin hələ də icra edilmədiyini deməyə əsas verir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Bakının tələbləri aydındır:

Birincisi, İran səfirliyimizə qarşı törədilən teraktın icraçısı və sifarişçiləri cəzalandırılmalıdır.

İkincisi, rəsmi Tehran Azərbaycana qarşı terror və təhdid dilindən imtina edilməlidir.

Üçüncüsü və ən əsası İranda mənzillənən, Azərbaycanda konstitusiya quruluşunu devirmək planlarının icrasının həvalə edildiyi “Hüseyniyyun” qruplaşmasının üzvləri neytrallaşdırılmalıdır.
Lakin İran bütün bu tələbləri yerinə yetirmədiyi azmış kimi “Hüseyniyyun”un rəhbərlərindən olan Tohid İbrahimbəyli və Orxan Məmmədovu azadlığa buraxır. Hesab edirəm, indiki məqamda “Hüseyniyyun” qruplaşmasının neytrallaşdırılması mümkündür”.

İrandan son günlər Azərbaycana qarşı informasiya hücumları səngisə də, səfirliyimizdə terakt törətmiş terrorçu və hücumun sifarişçiləri hələ də qorunur. Bütün bu məqamlar Bakı-Tehran xəttində münasibətlərin normallaşması ehtimalını azaldır. Azərbaycanın şərtləri yerinə yetirilmədiyi təqdirdə iki ölkə münasibətlərinin normallaşması inandırıcı deyil”.

Turan Rzayev
Globalinfo.az