WhatsApp Image 2026 04 24 at 14.34.42

Tanınmış jurnalist Nigar Sabirqızı bildirib ki, yaşadığı ərazidə saat 00:30 radələrində “Avant” tikinti şirkəti sakinləri narahat edib. Onun sözlərinə görə, şirkət qaydaları pozaraq gecə saatlarında səs-küy yaradır, beton tökür və tikinti işləri aparır. Jurnalist məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiyini deyib.

Qanunvericiliyə əsasən, tikinti şirkətləri saat neçəyə qədər işləyə bilər?

Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, gecə saatlarında işlərin aparılması qanunvericiliklə qadağan olunmaqla yanaşı, bu məsələ vətəndaşlar və şirkətlər arasında qarşılıqlı hüquq münasibətlərinin və birgəyaşayış qaydalarının qorunması baxımından da qiymətləndirilməlidir:

“Vətəndaşlar – istər fiziki, istərsə də hüquqi şəxslər – bir-birini anlayaraq və qarşılıqlı hörmət çərçivəsində davranaraq bu kimi məsələləri həll edə bilərlər. Qanunvericiliyə əsasən, ümumiyyətlə gecə vaxtı saat 00:00-dan səhər saat 07:00-dək səs-küy salmaq, o cümlədən yüksək səslə musiqi ifa etmək və ya digər üsullarla ictimai asayişi pozmaq qadağandır. Bu tələblərin pozulmasına görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək cərimə edilə bilər”.

huquqsunas Samil Pasayev

Şamil Paşayev

Hüquqşünas əlavə edib ki, şirkətlər gecə saatlarında iş apararkən əmək qanunvericiliyinin tələblərini də nəzərə almalıdırlar:

“Gecə saatlarında işçilərin çalışması əlavə ödənişlərə səbəb olur. Bəzi işçilərin ümumiyyətlə gecə işləməsi qadağandır. Eyni zamanda, əgər yaxınlıqda yaşayan şəxslər səs-küydən narahat olurlarsa, onlar daxili işlər orqanlarına müraciət edə bilərlər. Hüquq-mühafizə orqanlarına şikayət edərək həmin işlərin dayandırılmasını tələb etmək, həmçinin məsul şəxslərin cərimə olunmasına nail olmaq mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: