İran Futbol Federasiyası 2026-cı il futbol üzrə dünya çempionatında iştirak üçün təminat tələb edib. Eyni zamanda vizaların verilməsi, heyətə, İran bayrağına və dövlət himninə hörmət də daxil olmaqla 10 şərt irəli sürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
“Biz mütləq 2026-cı il dünya çempionatında iştirak edəcəyik. Lakin ev sahibi olan ölkələr narahatlığımızı nəzərə almalıdır. Biz turnirdə iştirak etmək istəyirik. Amma öz inanclarımızdan, mədəniyyətimizdən və baxışlarımızdan imtina etməyəcəyik”, – deyə federasiyanın bəyanatında bildirilib.
İran tərəfinin irəli sürdüyü şərtlərə oyunçulara və İslam İnqilabı Keşikçiləri Korpusu sıralarında hərbi xidmət keçmiş məşqçi heyəti üzvlərinə vizaların verilməsi, həmçinin heyətə, İran bayrağına və dövlət himninə hörmətlə yanaşılması, hava limanlarında, hotellərdə və komandanın oynayacağı stadionlara gedən marşrutlar boyunca yüksək təhlükəsizlik səviyyəsinin təmin edilməsi daxildir.
Əliyar Xəlil