Ötən ay keyfiyyətin yaxşılaşdırılması məqsədilə internet provayderləri qiyməti artırdı. Lakin qiymət artandan, keyfiyyət daha da aşağı düşüb. Bu da istifadəçilər arasında haqlı narazılığa səbəb olub.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənovun fikrincə, reallıq ondan ibarətdir ki, vətəndaşların 65-75 faizində xüsusən də axşam saatlarında internetin sürətində zəifləmə müşahidə olunur.
Elvin Həsənov
O deyib ki, provayderlər problemin onlar tərəfindən qaynaqlanmadığını qeyd edir:
“Nəticə etibarilə biz bu məsələyə baxış etsək istər vətəndaş, istər provayder tərəfdə son texnologiya, son ötürücülük sürətinə malik olan avadanlıqlar olmalıdır ki, internet sürətini əldə etmək mümkün olsun. Provayderin özünə də maraqlı deyil ki, bunu araşdırıb, axtarsın ki, problemin kökü haradan qaynaqlanır?!”.
E.Həsənovun sözlərinə görə, sürət artımından söhbət gedirsə, burada həm provayder, həm də abunəçinin əməl etməli olduğu hissələr var:
“Provayderlər onlara aid olan şəbəkə avadanlıqlarını, abunəçilər isə evlərində əvvəllər 2.4 GHZ dəstəkləyən cihaz istifadə edirdilərsə, artıq dual band dəstəkləyən 2.4 GHZ və 5 GHZ dəstəkləyən router cihazlardan istifadə etməyə çalışsınlar. Ümumilikdə isə provayderlərin öz tərəflərindəki nöqsanları görüb, tam aradan qaldırması üçün müəyyən zamana ehtiyac var”.
Zaira Akifqızı














