“Bakıda Qlobal Cənub QHT Platformasının yaradılmasının şahidi olmaq böyük məmnuniyyətdir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində ölkəmizə gələn BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib deyib.
“Bu, Azərbaycanın Cənub-Cənub əməkdaşlığı istiqamətində ilk təşəbbüsü deyil, lakin platforma xüsusilə əhəmiyyətlidir, çünki bütün Qlobal Cənub üzrə QHT-lərin səsini bir araya gətirir. Bu, çox vacibdir. Biz indicə çox yaxşı müzakirə apardıq və onlar icmaların səsi kimi bir çox qlobal gündəliklərin irəlilədilməsinə töhfə verəcəklər”, – o bildirib.
Dima Al-Khatib vurğulayıb ki, buraya ən az inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan kiçik ada dövlətləri, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli dövlətlər daxildir:
“Biz onlarla, xüsusilə Cənub-Cənub və üçtərəfli əməkdaşlıq üzrə Qlobal Alyansımız çərçivəsində sıx əməkdaşlıq edəcəyik”.
Qlobal Cənub QHT Platformasının yaxın dövrdə BMT-nin Cənub Əməkdaşlığı Ofisinin rəsmi tərəfdaşına çevrilib-çevrilməyəcəyi ilə bağlı suala cavab olaraq Dima Al-Khatib deyib ki, onlar artıq təbii olaraq tərəfdaşdırlar:
“Qlobal Alyansın üzvünə çevrilməklə onlar artıq tərəfdaş hesab olunurlar”.
Zaira Akifqızı
Globalinfo.az