“Avqustun 24-də “Teleqram” messencerinin təsisçisi Pavel Durovun Paris hava limanında saxlanılması və bir neçə gündən sonra ona qarşı çox ciddi cinayətlərdə ittiham irəli sürülməsi kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrildi. Düşünürəm ki, hələ uzun müddət bu, diqqət mərkəzində olacaq. Bu da səbəbsiz deyil”.
Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov Pavel Durovun qardaşı Nikolay Durovun yoxa çıxmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Pavel Durovu artıq ən tanınmış media maqnatlarından saymaq olar və bu tipli şəxslər haqqında ən kiçik xəbərlərbelə kütləvi auditoriya qazanmaq gücünə malikdir:
“Pavel Durov isə Fransa Femidasının xəbərlərinə görə, terror, narkotik, dələduzluq, çirkli pulların yuyulması, oğurlanmış malların satışı və uşaqlara qarşı seksual xarakterli cinayətlər törətməkdə günahlandırılır. Hələlik o, Fransadan çıxmamaq haqqında iltizam və 5 milyon avro məbləğində girov qoyaraq ev dustaqlığına buraxılıb.
Durovun saxlanılmasının əsas motivləri barədə məhkəmənin ittihamları ilə yanaşı versiyalar çox olsa da yeniləri də yaranmaqda davam edir. Onun tərəfdarları rəsmi ittihamları rədd edərək qeyri-rəsmi, siyasi motivləri önə çəkirlər. Bu da bir tərəfdən Pavel Durovun Rusiya hakimiyyət orqanlarına xidmət etməsi, digəri isə Qərb və ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməməsidir. Çünki İlon Mask kimi biznesmen və iş adamlarının mənsub olduqları ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığını artıq sübut etməyə ehtiyac yoxdur.
Əlimusa İbrahimov
Onlar öz fəaliyyətləri ilə mənsub olduqları ölkənin apardığı siyasəti dəstəkləyir və ciddi məsələlərdə onunla birgə addım atırlar. Bu baxımdan Pavel Durovun da Rusiya hakim dairələrinə Qərbə qarşı apardığı müharibədə dəstək verməsi barədə şübhələr yaranıb. Buna görə də bir neçə dəfə Qərb dairələrindən ona əməkdaşlıq barədə təkliflər edildikdən və rədd cavabı alındıqdan sonra saxlanılması qərara alınıb.
İlk istintaq zamanı da artıq ittihamlar irəli sürülüb və ittihamların sübut olunacağı perspektivi və ya həbsdən qaçmağın yolları ona izah edilib. Bir neçə həftə düşündükdən sonra onu yenə də istintaqa çağıracaqlar və bu zaman ona edilən təkliflərə, münasibətə uyğun olaraq davranılacaq.
Bu arada Pavel Durovun qardaşı Nikolay Durovun da yoxa çıxması haqqında məlumatlar gəlməkdədir. Görünür, Durovlar əsas fəaliyyətlərinə görə təqib olunduqlarını hiss ediblər və Nikolay da “Teleqram” kanalın şifrələrini götürüb müəyyən müddətə aradan çıxıb. Bütün bu hadisələrin nə ilə nəticələnəcəyini qabaqcadan proqnozlaşdırmaq asan olmasa da “Teleqram”ın başı üzərində qara buludların gəzdiyini birmənalı şəkildə demək mümkündür”.
Turan Rzayev
Globalinfo.az














