İlyas İsmayılovdan sonra o posta kim gələcək? – Açıqlama

mutellim rehimov

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimovla müsahibənin ikinci – sonuncu hissəsini təqdim edirik:

– Mütəllim bəy, siz Ədalət Partiyasının sədr müavinisiniz. Partiyanın qurucusu və uzun illər sədri olmuş İlyas İsmayılov ötən ay dünyasını dəyişdi. Hazırda təşkilatda vəziyyət necədir? Yeni sədr seçilməsi üçün hansı prosedur icra edilməlidir? Qurultay çağırılacaqmı?

– İlyas İsmayılov Azərbaycanın görkəmli ictimai, siyasi və dövlət xadimidir. O, ölkəmizin milli sərvətidir. Gələcək nəsillər İlyas müəllimin mirasından, şübhəsiz ki, bəhrələnəcəklər. Bütün həyatı boyu Azərbaycanda hüquqşünasın ideal portretini yaratdı. Özü nümunə oldu və özündən sonra bir hüquq məktəbi qoyub getdi. İndi əksər hüquqşünaslar özlərini İlyas müəllimin mənəvi tələbəsi hesab edirlər.

İlyas İsmayılov həm də bir siyasi məktəb yaratdı. Çoxpartiyalı siyasi münasibətlərin yeni formalaşdığı cəmiyyətimizdə bütün tərəflərlə tolerant davranışlar sərgiləyən Ədalət Partiyasını qurdu. Siyasətçi imicinə və mövqeyinə zərər gətirsə də, İlyas müəllim və rəhbərlik etdiyi partiya Azərbaycan dövlətinin və xalqının mənafeyinə zidd olan mitinq, piket, görüş, tədbir, aksiya və s. bu tipli cəhdlər olanda, millətin və dövlətin mənafeyindən çıxış edib. Bu partiya İlyas müəllimin bizə siyasi yadigarıdır və onu yaşatmaq bizim borcumuzdur.

mutellim musahibe

Şübhəsiz ki, İlyas müəllimi əvəz etmək asan olmayacaq. Onun ideyaları, siyasi təfəkkürü, dövlətçilik baxışları ilə qidalanan, illərlə İlyas müəllimin yanında olan və ondan öyrənən layiqli üzvlərimiz var. Onların partiyanı yaşadacağına inanıram.

Hazırda Ədalət partiyası hüzn içərisindədir. Buna görə də indi yeni sədr haqqında danışmaq doğru olmaz. Milli-mənəvi, əxlaqi dəyərlərimiz bu müzakirələri qadağan edir.

– Bildiyimiz qədər partiya sədrliyinə iddialısınız. Yəqin başqa iddialılar da var. Əvvəla, şansınızı necə qiymətləndirirsiniz? İkincisi, İlyas İsmayılov kimi nüfuzlu, təcrübəli, xarizmatik liderdən sonra bu yükün altına çiyin vermək, məsuliyyəti üzərinə götürmək yeni sədr üçün çətin olmayacaq?

– Mən bu barədə danışmaq istəmirəm. Sadəcə olaraq bunu deyə bilərəm ki, İlyas müəllimin böyüklüyü həm də ondadır ki, kimsəyə qarşı qısqanclıq etməyib, fikir müxtəlifliyini Ədalət Partiyasının inkişafına yönəldə bilib. Özündən sonra da kifayət qədər potensiala malik, partiyaya sədr olmağa layiq şəxslər yetişdirib.

Turan Rzayev
Globalinfo.az