İslam dinində təriqətlərin yaranması uzun illərdir mübahisə doğurur. Bəzi iddialara görə, xüsusilə radikal dini cərəyanların formalaşmasında Böyük Britaniyanın xüsusi xidmət orqanlarının rolu olub. Bildirilir ki, bu, Qərbin müsəlman ölkələrində təsirini artırmaq məqsədi daşıyır.
Bu fikirlər nə qədər ciddi sayıla bilər?
Globalinfo.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, əslində, bu proses bir amillə izah oluna bilməz:
“Burada həm daxili, həm də xarici təsirlər mühüm rol oynayır. Bu amillərin hamısını tam şəkildə tənzimləmək isə olduqca çətindir, bəzən də mümkünsüzdür. Ona görə də məsələyə kompleks yanaşma tələb olunur. Təbii ki, xarici qüvvələr müsəlman ölkələri arasında qarşıdurmaların dərinləşməsində maraqlıdırlar. Bu, müxtəlif sahələrdə özünü göstərir və bir çox hallarda vəziyyətin gərginləşməsinə xidmət edir”.
Ceyhun Məmmədov
Deputat qeyd edib ki, islamda təriqətlərin yaranması tarixi prosesdir:
“Eyni zamanda, müsəlman cəmiyyətlərində bu prosesləri gücləndirən amillər mövcuddur. Tarixi faktlar göstərir ki, bəzi dövlətlər radikal qruplardan öz siyasi məqsədləri üçün istifadə ediblər. Bu, danılmaz reallıqdır. Müxtəlif kəşfiyyat orqanlarının bu proseslərdə fəal iştirak etməsi, vəziyyəti mürəkkəbləşdirməyə yönəlmiş addımlar atması da məlumdur. Beləliklə, radikal dini hərəkatların formalaşması həm daxili, həm də xarici təsirlərin birləşməsi nəticəsində baş verir və proses çoxşaxəli xarakter daşıyır. Lakin “İslamda bütün radikal təriqətləri Britaniya xüsusi xidmət orqanları yaradıb” demək həddindən artıq sadələşdirilmiş və konspirasiya çalarları olan bir yanaşmadır. Reallıq odur ki, bəzi radikal qrupların formalaşması və güclənməsində xarici güclərin dəstəyi olub, amma kökləri həm də daxili tarixi-sosial proseslərlə bağlıdır”.
Qeyd edək ki, son statistikaya görə dünyada müsəlmanların sayı 2 milyardı ötüb.
Ləman İmran
Globalinfo.az














