İlkin Süleymanovun vəkili: “Bu həbsin səbəbini sizə deyim?” – Video

14:06

“Hər kəs kimi mən də təəccüblənirəm ki, necə oldu axı ortada İlkin Süleymanovun günahsız olduğuna dair bu qədər dəlillər olduğu halda, hakim belə bir qərar qəbul etdi?!”

Bu sözləri Globalinfo.az-a açıqlamasında Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanovun vəkili Zabil Qəhrəmanov deyib.

O bildirib ki, qarşı tərəfdən önə çıxarılan sübutlar İ.Süleymanovun həbs olunmasına əsas vermir:

“Ortaya üç “sübut” qoyublar, üçü də əsassız. Birinin ağzı “şimal”a, digəri “cənub”a, o biri də “şərq”ə baxır. Belə sübut olmaz axı! Bu həbsin səbəbini sizə deyim?! Ayın 8-i ölkə başçısı tərəfindən tapşırıq verildi ki, məsələ 3 günə üzə çıxsın. Vəssalam da! Həmin vaxt da tapdılar ki, guya qatil İlkindi. İndi qorxularından geri çəkilə bilmirlər! Axı prezident onlara əsl qatilin tapılmasını tapşırmışdı. Prezident demədi ki, get camaatı döy, şər at. Dedi, get, normal istintaq apar, cinayətin üstünü aç və əsl cinayətkarı tap!”

Z.Qəhrəmanov deyib ki, bundan sonra lazımi yerlərə müraciət etməyi düşünürlər:

“Bu dəfə Apelyasiya Məhkəməsinə və Avropa Məhkəməsinə müraciət edəcəyik! Bəs nə etməliyik?! Durub bunların qanunsuz qərarlarının qarşısında diz çökəcəyik?! Onlar özləri qanun qarşısında diz çökəcəklər! Ola bilər gedib ailəyə təsir göstərsinlər, bəs Avropa Məhkəməsinə nə edə biləcəklər? Bu işdə əli olan hər kəs öz cəzasını alacaq”.

Zaira Akifqızı
Globalinfo.az