İlk dəfə: İrandakı səfirliyimizin keçmiş təhlükəsizlik əməkdaşı gözdən qaçan detalları açdı

“İranın Azərbaycana qarşı həmişə təhlükəli münasibəti olub. O münasibət özünü tam çılpaqlığı ilə yanvarın 27-də göstərmiş oldu. Bizim çalışdığımız illərdə də səfirliyimiz dəfələrlə təhdid altında olub, xəbərdarlıqlar edilib. O zaman təhlükəsizlik indikindən daha pis vəziyyətdə idi. İndi heç olmasa, elektroşok aparatları var”.

Bu sözləri Globalinfo.az-a 1992-95-ci illərdə Azərbaycanın İrandakı səfirliyində təhlükəsizliyə məsul sabiq əməkdaşı, Qarabağ qazisi Səfər Turançı (Səfər Hümbətov) deyib.

O, terrorun baş verdiyi səfirlik binası barədə bunları bildirib:

“2000-ci ildə o binada olmuşam. Səfirlik üçün uyğun bir yerdir. Bina Tehranda keçmiş şahın sarayı olan Niyavaran rayonunda yerləşir. Ora Tehranın ən elit və təhlükəsiz rayonu sayılır. Ərazidə xeyli səfirliklər, dövlət nümayəndələrinin evləri, ofisləri var. Polislərin qaynaşdığı, təhlükəsizlik tədbirlərinin yüksək olduğu bir yerdə belə bir hadisənin yaşanması teraktın arxasında İran rejiminin dayandığını deməyə ciddi əsaslar verir”.

Müsahibimiz görüntüləri izlədiyini və baş verənlərin qəsdən törədildiyini deyib:

“Adam avtomobili qəsdən vurur ki, səfirlikdə olan şəxslər çölə çıxsınlar. Maraqlı olan isə odur ki, posta dayanan iranlı polis yerindən tərpənmir. Ümumiyyətlə, Vyana Konvensiyasında ölkədə fəaliyyət göstərən səfirliklər, digər siyasətlə məşğul olan və qeyri-siyasi nümayəndəliklərin çöldən qorunması həmin ölkənin vəzifəsidir və baş verən hər hansı hadisələrin məsuliyyəti birbaşa həmin dövlətin üzərindədir. Məlum hadisədə açıq görünür ki, qapıda dayanan polis işçisi əvvəlcədən məlumatlıdır. Çünki terrorçu ona əli ilə hansısa işarəni göstərir. Hər nə işarəsi göstərirsə, artıq önəmli də deyil”.

Təbriz, 2000-ci il. S.Turançı Təbriz mollaları ilə

S.Turançının sözlərinə görə, əsas məqamlardan biri də odur ki, polis heç telefon vasitəsilə də kiməsə məlumat vermir:

“Texnologiyanın yüksək inkişaf etdiyi bir zəmanədəyik. O, bir saniyənin içində öz komandirinə və ya hansısa bir idarəyə məlumat verib əlavə bir qüvvə çağıra bilərdi. Amma bunların heç biri baş vermir. Baş verməməsi də şübhələrin artmasına yol açır. “İran bir müsəlman ölkəsidir, Din qardaşımızdır, o bizimlə müharibə etməz” deyib, arxayınlaşmaq lazım deyil. Ehtiyatı əldən vermək olmaz. Videolara baxdıqda görünür ki, təhlükəsizlik məsələsində müəyyən boşluqlar olub. Bunu bəlkə də indi demək doğru sayılmaz, amma mütləq bu məqam nəzərə alınmalıdır ki, başqa səfirliklərimizin təhlükəsizliyinə məsul şəxslər diqqətə alsınlar”.

Keçmiş səfirlik əməkdaşı deyib ki, İran dövləti səfirliyin çöldən qorunmamasına görə cavab verməlidir:

“O binada səfirlik əməkdaşlarının ailələri də olub. Əgər terrorçu zərərsizləşdirilməsə idi səfirlik və ailələri də xəsarət ala, hətta qətlə yetirilə bilərdilər. Qatilin niyyəti orada olan hər kəsi öldürmək olub. Çünki bir-iki adamı vurub getmək düşüncəsi olsa idi o, özünü təhlükəyə atıb içəri daxil olmazdı. Hətta kənardan ora atəş aça bilərdi. Onun binaya daxil olması göstərir ki, terrorçu hamını qətlə yetirmək üçün gəlib”.

S.Turançı qəhrəmanımız Vasif Tağıyev haqda da fikirlərini bölüşüb:

“Vasif qardaşımız həqiqətən də qəhrəmanlıq göstərdi. Əlində avtomat olan və atəş açan birinin üzərinə gedib onu zərərsizləşdirmək ürək məsələsidir. O, ürəkli və cəsarətli hərəkəti ilə teraktın yarımçıq qalmasına səbəb oldu. Allahdan Orxan Əsgərova rəhmət, Mahir İmanov və Vasif Tağıyevə şəfa diləyirəm. Millətimizin başı sağ olsun!”

Zaira Akifqızı
Globalinfo.az