Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, dövlətimizin başçısı Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, ölkəmizin Avropa İttifaqı ilə çox sıx əlaqələrinin olduğunu bildirdi.
Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə etdi.
Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini dedi.
Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərini məmnunluqla xatırladı.
Dövlətimizin başçısı hazırda Azərbaycanın Avropa İttifaqının enerji təminatında oynadığı rolu, Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.
Azərbaycanın Avropanın enerji bazarına qaz ixracını artırdığını diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğuladı. Dövlətimizin başçısı bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırdı, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırdı, eyni zamanda, ölkəmizdə cəlbedici investisiya mühitinin yaradıldığını bildirdi.
Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xəttin rəhbərlik etdiyi maliyyə qurumunun maliyyələşdirmə strategiyası, həmçinin Avropa İttifaqının da qəbul etdiyi “EU Global Gateway” strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil etdiyini bildirdi və bu sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. O, Avropa İnvestisiya Bankının xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəklədiyini diqqətə çatdırdı.
Verner Hoyer Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə edərək Azərbaycanın uzunmüddətli inkişafına xidmət göstərən layihələrin icra olunduğunu vurğuladı. O, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə etdi.
Görüşdə nümayəndə heyətləri səviyyəsində təmasların davam etdirilməsi və qarşılıqlı maraq doğuran birgə layihələrin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olundu.
***12:28
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edib, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırlayıb.
İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlət başçısı son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafının real göstəricisi olduğunu vurğuladı, bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan “Leonardo” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.
Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb, “Ansaldo Energia” şirkətinin ölkəmizdə 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının inşasında iştirakının bunun nümunəsi olduğunu qeyd edib.
Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-qucuculuq işlərinə töhfə verdiyini vurğulayıb.
“Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələrək, bu əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirib. O, Azərbaycan ilə müxtəlif sahələrdə artıq əməkdaşlıq münasibətlərinin mövcudluğunu və müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını deyib.
Alessandro Profumo Azərbaycan ilə təmasları bundan sonra da davam etdirəcəklərini bildirib.
X X X
Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub.
Globalinfo.az xəbər verir ki, görüşə görə təşəkkürünü bildirən Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb.
İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən diqqətə çatdırıb ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.
Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlətimizin başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.
Neçirvan Bərzani İraqın Kürdüstan regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd edib.
Dövlətimizin başçısı öz növbəsində bildirib ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.
Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.
















