İlginc plan – HƏMAS-İsrail qarşıdurması sona çatır?

İlginc plan - HƏMAS-İsrail qarşıdurması sona çatır?

“HƏMAS və İsrail arasında 6 həftəlik atəşkəslə bağlı razılaşma hələ tam şəkildə əldə olunmayıb. Bunun bir neçə səbəbi ola bilər. Ya HƏMAS atəşkəsin əldə olunmasında sona qədər iradə göstərməyib, ya da İsrail bunda maraqlı deyil. İsrail ona görə də atəşkəsin davamlı olmayacağı ilə bağlı görüntü yaradır və məsuliyyəti HƏMAS-ın üzərinə atmağa çalışır”.

Bu fikirləri Globalinfo.az-a siyasi şərhçi Aydın Quliyev deyib.

O, HƏMAS-İsrail gərginliyinin növbəti perspektivinin necə olacağı ilə bağlı sualımızı cavabında bildirib ki, Donald Trampın hakimiyyəti dövründə mövcud gərginliyin hansı fazaya keçəcəyini proqnozlaşdırmaq çətindir:

“İsrail Baş naziri Benyamin Netanyahu açıqlamasında bildirib ki, HƏMAS-ın sona qədər razılaşmalara əməl etmək istəməməsi atəşkəsin ömrünün uzun olmamasını şərtləndirə bilər. Bütün bunlar həmin atəşkəslə bağlı siyasi bəyanatların qərara çevrilmə şansını azaldır. Əgər qərara çevrilsə belə, İsrailin ən yaxın müttəfiqi ABŞ-ın məsələyə yanaşması çox ciddi narahatlıq doğurur. Bayden administrasiyasının mövqeyi bəllidir. O, HƏMAS-ı günahlandırmaqla məşğuldur. Verilən bəyanatlardakı əsas fikirlər də belədir: “HƏMAS-ın başlatdığı dəhşətli müharibə bölgəni böyük təhlükə ilə üz-üzə qoyub”. Halbuki münaqişənin qarşısının alınmasının yeganə yolunun müstəqil Fələstin dövlətinin yaradılmasından ibarət olduğuna əhəmiyyət verilmir”.

İlginc plan - HƏMAS-İsrail qarşıdurması sona çatır?

Aydın Quliyev

Siyasi şərhçi vurğulayır ki, atəşkəs əldə olunduqdan sonra Bayden hakimiyyətinin dilindən Fələstin xalqının özünə dövlət yaratmaq hüququna malik olduğuna dair fikir eşidilmədi:

“Bu o deməkdir ki, atəşkəs müddətində də ABŞ və İsrail birtərəfli qaydada yanaşmalarını davam etdirəcəklər. Yaxın Şərqdə uzunmüddətli sülhün əldə olunması perspektivləri çox zəifdir. Bunun bir səbəbi İsrailin mövqeyi, ikincisi isə ABŞ-ın İsrailə dəstək verməsi ilə bağlıdır”.

Safura Bənnayeva

Globalinfo.az