İki strateji ərazi danışıqlar masasında – Kritik proses başlayır

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçirilən görüşdə sərhədlərin delimitasiyası məsələsinin 1975-ci il xəritələrinə əsasən aparılması fikri səsləndirildi. Bu istiqamətdə müəyyən razılaşmanın əldə olunduğu bildirilir.

Ermənistan Baş naziri Nikol Paşinyan görüşdən sonra açıqlamasında bu xəritələrə əsasən Başkənd və Kərki məsələsinin mübahisə doğurduğunu bildirib.

Maraqlıdır, Başkənd və Kərki məsələsində ortaq yol tapmaq mümkündürmü?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, proseslərin bəzi detallarının dəqiqləşdirilməsi üçün ortaq fikrin formalaşmasına ehtiyac var:

“Kişinyovda Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş mühüm əhəmiyyət kəsb edir. Qərb buna çox ciddi şəkildə hazırlaşmışdı və gözlənilən beştərəfli görüş baş tutdu. Fransa və Ermənistanın pozucu niyyətlərinə qarşı Almaniyanın masada iştirak etməsi balansın tarazlanması baxımdan vacib idi. Görüşün nəticələrinə görə, 1975-ci il xəritələri əsasında iki ölkə sərhədində delimitasiya işlərinin görülməsinə dair razılığın əldə olunduğu bildirilir. Burada anklavlar məsələsinin kökündən həlli də gündəmə gəlmiş olur.

Məlumdur ki, Qazax rayonunun 7 kəndi və Naxçıvanın Kərki ərazisi hazırda Ermənistanın nəzarətindədir. Bu kəndlərin Azərbaycana qaytarılması siyasi gündəlikdəki əsas məsələdir. Burada vacib məqam proseslərin qarşılıqlı şəkildə icrasının zəruriliyidir. Nikol Paşinyan son çıxışında məhz Başkənd və Kərki məsələsində bu mübahisələrin mövcud olduğunu bildirib. Çünki bu prosesdə ortaq fikrin formalaşmasına ehtiyac var”.

Politoloq anklavlar məsələsində Paşinyana daxili auditoriyada ciddi təzyiqlərin olduğunu və bunun daha da artacağını vurğulayıb:

“Xəritələrin müzakirəsi və görüşlərdən öncə vahid məntiqin tətbiqi nəzərdən keçirilməlidir. Sözügedən ərazilərin hazırkı status-kvosunun saxlanılması, yaxud fərqli mexanizmin tətbiqi məsələsində ortaq razılıq əldə edilməlidir. Delimitasiya prosesi ilə bu kimi məsələlər həllini tapacaq. Daxili auditoriyalarda da buna dair müxtəlif fikirlər səsləndirilir. Anklavlar məsələsində Nikol Paşinyan ciddi təzyiqlərlə üzləşir. Hətta onun “satqın” “xain” adlandırılması daha geniş vüsət alır. Ona görə ortaq yol xəritəsi müəyyənləşdirilməlidir”.

Ayşən Mustafa
Globalinfo.az