İspaniya hüquq-mühafizə orqanları sərhəddə qeyri-adi qurğu ilə üzləşiblər.
Globalinfo.az xəbər verir ki, Seuta ərazisindəki sənaye obyektlərindən birinin altında rels sistemi və kiçik vaqonlarla təchiz olunmuş üçmərtəbəli yeraltı tunel kompleksi aşkarlanıb.
Tunelə giriş iri ölçülü soyuducu qurğunun arxasında maskalanıb, çıxışı isə Mərakeş istiqamətinə qədər uzanır.
Araşdırma zamanı məlum olub ki, bu keçid sadəcə qazılmış dəhliz deyil, tam funksional daşınma xətti kimi qurulub. Burada yük daşınması üçün vaqonlar, lift mexanizmləri və xüsusi qaldırıcı sistemlər yerləşdirilib. Eyni zamanda, tunel güclü nasoslar və səs keçirməyən texnologiyalarla təmin olunub ki, yeraltı hərəkət yuxarıda hiss olunmasın. Struktur uzun dəhlizlərdən, şaquli eniş hissələrindən və bir neçə anbar sahəsindən ibarətdir.
İspaniya polisi və mütəxəssislər bir ildən artıq davam edən izləmə və istintaq nəticəsində Qalisiyadan Əndəlusiyaya qədər fəaliyyət göstərən geniş narkotik şəbəkəsini üzə çıxarıb. Əməliyyat çərçivəsində 27 nəfər, o cümlədən təşkilatın iki əsas siması saxlanılıb. Bundan başqa, milyonlarla avro dəyərində 17 ton kannabis, 1,4 milyon avro nağd pul və 17 bahalı avtomobil müsadirə edilib.
Mərakeşin dünyanın əsas kannabis istehsalçılarından biri olması və İspaniyaya yaxın yerləşməsi səbəbindən bu ölkə uzun illərdir Avropaya narkotik daşınmasının əsas marşrutlarından sayılır. Lakin bu hadisədə qaçaqmalçılar ənənəvi dəniz yolundan imtina edərək daha mürəkkəb və gizli yeraltı tunel sisteminə üstünlük veriblər.
Safura Bənnayeva

