İki ölkə arasında mühüm anlaşma: Dəhlizlər üzərindən razılıq əldə edilir

“İranla Azərbaycan qonşu ölkələr olaraq bir-biri ilə hərtərəfli əməkdaşlıq etmək üçün geniş imkanlara sahibdirlər. Təəssüf ki, İran Ermənistanla Azərbaycan arasında 30 il davam edən Qarabağ münaqişəsi dönəmində, haqlı mövqeyimizi sözdə dəstəkləsə də sona qədər bu münaqişədə Ermənistanın yanında yer aldı. Hətta bəzən Qarabağda yaşayan separatçılara birbaşa yardımlar göstərdi”.

Bu sözləri Globalinfo.az-a sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, bütün bunlar Azərbaycanla İran arasında münasibətlərdə müəyyən sərinlik yaratdı:

“Bir qədər öncə Tehranda səfirliyimizə qarşı törədilmiş terror aktına İran hakimiyyəti loyal münasibət bəslədi. Bundan başqa, bəzən Azərbaycanın İsraillə dostluğuna Tehran qısqanc münasibət göstərir. İranın Azərbaycana qarşı aqressiv münasibət sərgiləməsi və rəsmilərinin Azərbaycanı hədələməsi kimi hadisələr də iki ölkə arasında soyuqluq yaradan məqamlardır.

Tarixi, mədəni və dini sahədə ortaqlıq, İranda əhalinin yarısından çoxunun Azərbaycan türkləri olması kimi gerçəklər iki ölkənin mövcud olduğundan daha dərin iqtisadi münasibətlər qurması üçün əsas olmalıdır.

Bütövlükdə İran-Azərbaycan münasibətləri son zamanlar bir xeyli istiləşib. Bu ilk növbədə Tehrandakı səfirliyimizə hücum etmiş terrorçu barəsində İran hökumətinin qəbul etdiyi qərardan sonra baş verdi.

Azərbaycanla İran arasında mövcud olan ortaq layihələr, xüsusilə də nəqliyyat kommunikasiyalarının inkişafı istiqamətində icra olunan layihələr hər iki ölkə üçün böyük iqtisadi fayda gətirə bilər. Bu sahədə artıq illər öncə götürülmüş kursun gələcəkdə daha da genişləndirilməsi böyük önəm kəsb edir. Zəngəzur dəhlizinə paralel olan, Şərqlə Qərbi birləşdirən dəhlizin eyni zamanda İran üzərindən keçməsi də iki ölkə arasında əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirilməlidir”.

Turan Rzayev
Globalinfo.az