İcra başçısının şifrəli tapşırığı – həbs edilən məmura qanunsuz göstərişin izi belə itirilib – DETALLAR 

Bir neçə gün öncə Daşkəsən Rayon İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı keçirildiyi bildirilir. Məlumata görə, rayonun baş memarı saxlanılıb. 

Bu, son illər ərzində baş verən ilk belə hadisə deyil. Oxşar hal daha əvvəl Abşeron, Lənkəran, Cəlilabad, Tərtər və digər rayonlarda da baş vermişdi. Məsələnin maraqlı tərəfi isə odur ki, bu cür əməliyyatlar zamanı məhz baş memarlar saxlanılırlar.

Ümumiyyətlə, memarların işi nədən ibarətdir? Onlar başçıdan xəbərsiz nəyə icazə verə bilərlər? 

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, bu məsələdə birbaşa icra başçısını günahlandırmaq olmaz.

Onun sözlərinə görə, bir vaxtlar memarlar icra hakimiyyətinin tabeçiliyində olsalar da, indi məsələ fərqlidir:

“Memarlar həm Arxitektura Komitəsi, həm də icra başçılarına tabedirlər. Bəli, başçı memara qanunsuz göstəriş verə bilər. Amma baş memar öz funksiyalarını düzgün yerinə yetirməli, qanunlara riayət etməlidir. Məsələn, icra başçısı ona deyir ki, filan işə razılıq versin. Axı iş belə olmur. Sən memarsan və vəziyyəti başçıya izah etməlisən ki, bu əməllər baş plana, qanunvericiliyə ziddir”.

Vəkil deyib ki, memar öz öhtəliklərini icra etməlidir:

“Kiminsə qeyri-qanuni tapşırıqlarını icra etməklə iş düzəlmir. Bundan başqa, sabah nəsə baş verdikdə memar sübut edə bilməz ki, başçıdan və ya kimdənsə tapşırıq alıb. Çünki icra başçısı ona sənədsiz, sübutsuz, sözlə tapşırıq verir. Bəzən sübuta yetirilib ki, başçının bu işdə əli var, o da məsuliyyətə cəlb olunub. Amma faktiki olaraq icazələrin verilməsi ilə bağlı birbaşa məsuliyyət memarın üzərinə düşür. Düşünür ki, “hansısa işə qol çəkim, mənə qalan puldan 5-10 min manat başçıya da verərəm”. Sən rəyini yaz, başçı özü qərar versin də”.

Zaira Akifqızı
Globalinfo.az