İcra başçıları haqda inanılmaz iddia: Məsələnin təcili araşdırılması tələb olunur

Azərbaycanda yay mövsümü başlayanda, ortaya bir problem də çıxır: su qıtlığı. Əksər rayonlar susuzluqdan ciddi əziyyət çəkir. 

Bunun təbiətlə bağlı hissəsi hər kəsə bəllidir. Son illər iqlim dəyişikliyi çaylarda sululuğu azaldıb. Bir başqa səbəb əhalinin sayının çoxalmasıdır. İnsanlar artdıqca, suya ehtiyac da çoxalır. Bu da qıtlıq yaradır.

Amma elə rayonlar, kəndlər var ki, bu məsələ insan, daha doğrusu məmur amilinə bağlıdır. Bəzi rayonların icra başçıları 100 hektarlarla əkin sahəsinə malikdirlər. Su ehtiyatlarını da öz təsərrüfatları üçün istifadə edirlər. Nəticədə yerli əhali torpaqdan faydalana bilmir. Əkdiyini biçmə zamanı gəldikdə, böyük zərərlə üzləşir. Bu da nəticədə kəndlərin boşalmasına, vətəndaşın dövlətdən küsməsinə gətirib çıxarır.

İndiyə kimi xalqı incidən, əhalini narazı salan, rüşvət yığan, korrupsiya ilə məşğul olan xeyli icra başçısı həbs edilib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, məmurlar xalqın xidmətçisidir. Ölkə başçısı vətəndaşları narazı salan məmurlara, xüsusilə də icra hakimiyyəti başçılarına qarşı güzəştsizdir. Buna baxmayaraq, yenə də icra başçıları özlərini mülkədar kimi aparır. Milləti suya, torpağa, nəhayət, dolanışığa möhtac qoyur.

Bunun qarşısını almağın yolu nədir? Hansı növ islahat lazımdır bunun üçün?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Vahid Əhmədov deyib ki, su qıtlığı yoxdur, sadəcə, suyun paylanmasında ciddi problemlər var.

Onun sözlərinə görə, bəzi sahə sahibləri var ki, kifayət qədər su ala bildikləri üçün sudan yaxşı istifadə edə bilirlər:

“Amma əhalinin əksəriyyəti sudan normal qaydada istifadə edə bilmir. Çünki su gəlib onlara çatmır. Ona görə də deyirəm ki, burada problem suyun paylanmasındadır. Qaldırılan məsələ ilə tamamilə razıyam. Konkret bunu icra başçılarının və ya kimlərin etdiyini deyə bilmərəm. Bir onu bilirəm ki, böyük əkin sahələri olan şəxslər su məsələsini nədənsə həll edə bilirlər, xırda təsərrüfatı olana isə su çatmır. Hər il Prezident İlham Əliyev 50-60 artezian quyusunun qazılması haqda sərəncam imzalayır ki, su olmayan yerlərə də çatsın. Lakin yenə də kimlərsə vətəndaşlara problem yaradır”.


Vahid Əhmədov

Deputat deyib ki, İlham Əliyevin sərəncamına uyğun olaraq baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında su ilə əlaqədar xüsusi komissiya yaradılmalıdır:

“Komissiya məsələyə baxmalı, eyni zamanda icra başçılarını dəvət etməli, xüsusi iclas keçirilməlidir. Hansı rayonda su ilə bağlı problem varsa, dərhal həll olunmalıdır. Necə ola bilər axı, geniş imkana malik olan adam sudan istifadə edə bilir, kasıb edə bilmir? Bu məsələyə hökumət səviyyəsində baxmaq lazımdır. Bələdiyyə və icra başçıları da mütləq insanlara dəstək olmalı və bir tədbir görməlidirlər”.

Vəkil Elçin Sadıqov belə halların vəzifədən sui-istifadə etmək olduğunu bildirib.

O, vətəndaşlara ziyan vurulduğunu bildirib:

“Xüsusilə də nəzərə alınmalıdır ki, bu hərəkət vətəndaşalara külli miqdarda zərər vurur. Belə hallara qarşı mübarizənin effekt verməməsinin səbəbi isə vətəndaşların şikayəti barəsində şikayət etdikləri qurumun özünə göndərilməsidir. Hesab edirəm, şikayətləri mərkəzləşdirilmiş istintaq orqanları araşdırsa və bir neçəsini məhz bu hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb etsə, daha effektiv olar”.

Zaira Akifqızı
Globalinfo.az