Hollandiya Müdafiə Nazirliyinin şəbəkəsinə kiberhücum

Çinli hakerlər Hollandiya Müdafiə Nazirliyinin şəbəkəsinə daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Hollandiya Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, zərərli proqram təminatı Çin tərəfindən 2024-cü ildə Müdafiə Nazirliyinin kompüter şəbəkəsinə daxil edilib. Söhbət “Fortinet-in”, “FortiGate” sistemlərində istifadə olunan və kompüterlərə uzaqdan giriş imkanı verən zərərli proqram təminatından gedir.

Kəşfiyyat xidməti zərərli proqramı təcrid olunan kompüter şəbəkəsində aşkarlayıb. Amma komputer avtonom şəkildə işlədiyi üçün ümumi şəbəkəyə heç bir ziyan dəyməyib.

Hollandiyanın kəşfiyyat xidməti məsuliyyətin Çin dövlət strukturunun üzərinə düşdüyünü deyib. Hollandiya Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti ilk dəfə olaraq çinli hakerlərin iş üsulları ilə bağlı texniki hesabat dərc etmək qərarını açıqlayıb.

Hollandiyanın müdafiə naziri Kajsa Ollongren bildirib ki, bu məsələdə çinlilərin iştirakını müəyyən etmək çox vacibdir. Çünki bu yolla kibercasusluğa qarşı beynəlxalq müqavimət artırılır.

Əliyar Xəlil
Globalinfo.az