Hökumənin ailəsindən oğurlanan pullar qaytarıldı

Hökumənin ailəsindən oğurlanan pullar qaytarıldı

Milli Qəhrəman Hökumə Əliyevanın vəfatı ilə bağlı onun ailəsinə ödənilmiş 80 min manatın kartdan oğurlanması ilə bağlı cinayət işi açılıb.

Globalinfo.az-ın xəbərinə görə, DİN Mətbuat xidmətindən bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə dərhal cinayət işi başlanılıb.

Həmçinin məsələ ilə bağlı “Kapital Bank” da araşdırmaya başlayıb.

***11:04

Təyyarə qəzasında həlak olan, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb.

Globalinfo.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.

Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Məsələ ilə bağlı “Kapital Bank”dan bildirilib ki, artıq araşdırma başlanılıb. Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək.

***10:27

AZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Globalinfo.az bildirir ki, bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməkdaşı olduğunu deyərək aldadıb:

“Telefonla zəng edərək dedilər ki, sizin şifrənizi, kartınızı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər”.

C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.