ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aun arasında mayın 11-də Vaşinqtonda görüş keçirilə biləcəyinə dair məlumatlar yayılıb.
ABŞ tərəfinin bu görüşün keçirilməsini fəal şəkildə təşviq etdiyi və şəxsən Donald Trampın təşəbbüsü ilə planlandığı iddia olunur.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, bu addım Tramp hökumətinin aralıq seçkiləri ilində reytinqinin yüksəlməsinə xidmət edir:
“Venesueladakı uğurun və qazanılan nüfuzun İsrailin təhriki ilə İranda dəfn edilməsi respublikaçılar üçün riskli vəziyyət yaradıb. Ona görə də vəziyyəti düzəltmək üçün Trampa uğur hekayələri lazımdır.
İsrailin hazırkı hökuməti və ya Netanyahudan sonrakı hökumətləri genişlənmə siyasətini davam etdirəcəyi halda, nəinki İsrail ilə Livan arasında sülh mümkün olacaq, ümumiyyətlə Yaxın Şərqdə sabitlik olmayacaq.
Təl-Əviv hazırda faktiki olaraq bu siyasəti davam etdirir. İsrailin Livan prezidenti ilə danışıqlarının arxasında real sülh niyyəti deyil, daha çox Livanda daxili qarşıdurma yaratmaq məqsədi dayanır. İsrail çox yaxşı anlayır ki, Livan ordusundan daha güclü təsir imkanlarına malik olan “Hizbullah”ın razılığı olmadan hər hansı ciddi razılaşmanın əldə edilməsi mümkün deyil.
Hazırda Vaşinqton görüşünün əsas məqsədi İsrail ilə Livan arasında sülh görüntüsü formalaşdırmaq və bunu Trampın siyasi uğuru kimi təqdim etməkdir. Çünki Netanyahunun respublikaçılar üçün yaratdığı problem həll edilməlidir. Aralıq seçkilərində uğursuzluğun qarşısının alınması üçün hökumətin reytinqinin yüksəlməsinə ehtiyac var.
İsrailin müvəqqəti olaraq, yəni aralıq seçkilərinə qədər bu rolu oynaması mümkündür. Lakin sionizmin mövcudluq fəlsəfəsi baxımından Təl-Əviv üçün qarşıdurma əsas alətlərdən biri olaraq qalır və bu siyasətin davam etdirilməsi ehtimalı yüksəkdir. Ona görə də İsrail nəinki Livanla, ümumilikdə Yaxın Şərqlə bağlı uzunmüddətli və dayanıqlı sülhdə maraqlı deyil, əksinə bu istiqamətdə atılan addımları müxtəlif vasitələrlə əngəlləməyə çalışacaq”.
Əli Zülfüqaroğlu
Ekspert əlavə edib ki, İsrail daxilində və dünya yəhudiləri arasında da Təl-Əvivin bu siyasətinə qarşı ciddi etirazlar mövcuddur:
“Çünki davamlı aqressiya və pozucu fəaliyyət ilk növbədə İsrail dövlətçiliyinin özü üçün ciddi təhdidlər yaradır. Rasional düşünən israilli siyasətçilər də bunu açıq şəkildə dilə gətirirlər. Digər tərəfdən, sionizm artıq qlobal müzakirə predmetinə çevrilib və dünya ictimai rəyində bu ideologiyaya qarşı ciddi mənfi münasibət formalaşıb. Bu da xüsusilə Avropa ölkələrinin İsrailə əvvəlki səviyyədə dəstək verməsini çətinləşdirir.
Çünki hökumətlər ilk növbədə ictimai etiraz faktorunu nəzərə alırlar. Livan, Suriya və Türkiyə ilə münasibətlərin normallaşması üçün İsrail ilk növbədə sərhədlərini müəyyənləşdirməli, Fələstin dövlətinin formalaşmasına mane olmamalı və genişlənmə siyasətindən əl çəkməlidir. Əks halda, bu istiqamətdə atılan addımlar daha çox dekorativ xarakter daşıyacaq”.
Turan Rzayev
Globalinfo.az