Hindistanın adı dəyişdirilir: belə adlanacaq – Maraqlı səbəb…

Hindistanın adı dəyişdirilir: belə adlanacaq - Maraqlı səbəb...

Hindistan hakimiyyəti ölkənin adını dəyişərək, keçmiş adı “Bharat”ı qaytarmaq niyyətindədir. Narendra Modinin rəhbərlik etdiyi hökumət parlamentin sentyabrın 18-22-nə təyin edilmiş xüsusi iclasında Hindistanın rəsmi adının “Bharat” olaraq dəyişdirilməsi ilə bağlı qətnamə təqdim edəcək.

Maraqlıdır, rəsmi Dehlinin belə qərar verməsi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, bir çox hindistanlı deputat, habelə Modi hökuməti Hindistan adının quldarlıq simvolu olduğunu düşünürlər:

“Məlum olduğu kimi, Hindistan Böyük Britaniya imperiyasının əsarətində olub. Yeni təkliflə çıxış edənlər Hindistan adının imperialistlər tərəfindən işlədildiyini, hindi dilində isə ölkənin adının Bharat olduğunu vurğulayıblar.

Hindistanın adı dəyişdirilir: belə adlanacaq - Maraqlı səbəb...

Elxan Şahinoğlu

Əslində, ölkənin adının dəyişdirilməsi bir müddətdir gündəmdədir. Hətta bu prosesə başlamaq məqsədilə bundan əvvəl bir neçə böyük şəhərin adı dəyişdirilib. Misal üçün 1995-ci ildə Bombey şəhəri Mumbay, bir il sonra Madras şəhəri Çennai, 2001-ci ildə isə Kəlkutta Kolkata adlandırılıb. Görünür, Modi hakimiyyəti hazırda növbənin ölkənin adına çatdığını düşünür.

Hətta sentyabrın 9-11-də Hindistanda G20 ölkələrinin sammitinə dəvət olunanlara dəvətnamələr “Bharat prezidenti” adından göndərilib. Ölkənin adının dəyişdirilməsi haqda qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq”.

Turan Rzayev
Globalinfo.az