Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində həlak olan pakistanlıların sayı 26 nəfərə çatıb, 46 nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
***08:20
Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu haqda “Geo TV” Pakistan ordusuna istinadən məlumat yayıb.
***
Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, ölkənin Hərbi Hava Qüvvələri hücumu dəf edərkən 5 Hindistan qırıcısını məhv edib.
Teleqraf xəbər verir ki, “Geo TV” vurulan təyyarənin üçünün “Rafale”, digərlərinin isə “MiQ-29” və “Su-30” qırıcısı olması barədə məlumat yayıb.
Müdafiə Nazirliyinin sözçüsü general-mayor Əhməd Şərif Çaudri vurğulayıb ki, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Pakistan hava məkanında vurulub. O əlavə edib ki, iki ölkə arasında sərhəd rolunu oynayan nəzarət xətti boyunca intensiv atışmalar gedir.
***
Hindistanın hava hücumundan müdafiə bölmələri Pakistanla sərhəd boyunca tam şəkildə səfərbər olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinə istinadən “ANI” agentliyi yazır.
“Pakistanla sərhəddə baş verə biləcək istənilən fövqəladə vəziyyətə cavab vermək üçün bütün hava hücumundan müdafiə bölmələri hazır vəziyyətə gətirilib”, – deyə nazirlikdən bildirilib.
*** 01:07
Hindistanın beş şəhərə raket hücumları nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Geo TV” məlumat yayıb.
***00:57
Hindistanın endirdiyi raket zərbələri nəticəsində azı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kəşmirdə elektrik enerjisinin kəsildiyi bildirilir.
Ölkənin Müdafiə Nazirliyinin aviasiya vasitələrinin havaya qaldırıldığını elan edib.
*** 00:44
Hindistan Pakistandakı hədəflərə “Sindu” əməliyyatı çərçivəsində zərbə endirib.
Globalinfo.az “Kommersant”a istinadla xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi “Sindu Əməliyyatı” adlı hərbi kampaniyanın başladıldığını elan edib. Nazirliyin məlumatına görə, əməliyyat çərçivəsində Pakistan ərazisində yerləşən terrorçulara məxsus infrastruktur hədəfləri vurulub.
Rəsmi məlumatda bildirilir ki, hücum zamanı ümumilikdə 9 obyekt məhv edilib. Hindistan tərəfi əməliyyatın dəqiq planlaşdırılmış şəkildə həyata keçirildiyini və gərginliyi artırmaq məqsədi daşımadığını bildirib.
*** 00:22
Hindistan Pakistanın müxtəlif bölgələrinə raket zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
Qeyd olunur ki, hücumlar Bahavalpur, Kotli və Müzəffərabad şəhərlərinə yönəlib.
Hindistanın ballistik raketlərdən istifadə etdiyi bildirilir. Hücumun hansı səbəbdən həyata keçirildiyi açıqlanmasa da, hadisə regionda gərginliyi xeyli artırıb.
Pakistan rəsmiləri bu hücumu “əsassız təcavüz” adlandıraraq, cavab tədbirləri görəcəklərini bəyan ediblər. Rəsmi İslamabad Hindistanın bu addımına qarşılıqsız qalmayacağını vurğulayıb.
Bundan başqa, Pakistan hava məkanını bütün reyslər üçün 48 saat müddətinə bağlayıb.
Aysel Əliyeva
Globalinfo.az














