
Hindistan Ermənistanı silahlandırmaqda davam edir. Əvvəllər Ermənistana raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş apartaları satan Hindistan indi isə snayper tüfəngləri satmağı planlaşdırır.
Məlumata görə, artıq Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb. Bildirilir ki, rəsmi Dehli ilk dəfədir ki, tamamilə Hindistanda dizayn və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.
Xatırladaq ki, Fransa da Ermənistanı silahlandırır? Parisin və Dehlinin məqsədi, hədəfi nədir? Yeni eskalasiya, yoxsa, Cənubi Qafqazda Ermənistanın vasitəsi ilə möhkəmlənmək?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, istər Fransa, istər Hindistan, istərsə də başqa ölkə olsun, hər birinin öz məqsədi, milli və geostrateji maraqları var:
“Fransa Ermənistana silah yardımı edərək bu ölkəni gücləndirmək, həmçinin onun vasitəsilə regionda söz sahibi olmaq istəyir. Rəsmi Paris belə düşünür ki, Rusiya nə vaxtsa Cənubi Qafqazdan tamamilə çıxacaq. O vaxtadək Paris İrəvanı dəstəkləyəcək. Çünki Rusiyada boşalan yeri Fransa doldurmaq istəyir.
Bu gün Ermənistanda Fransanın silah yardımlarına münasibət birmənalı deyil. Belə ki, İrəvanın Bakı qarşısında zəif olduğunu hər kəs bilir. Lakin yenidən müharibə üçün silahlanmanı heç də hər kəs vacib hesab etmir. Əksinə, buna qarşı çıxanlar çoxdur. Yalnız bəlli kəsim – ultramilliyyətçi qüvvələr silah alışını dəstəkləyir.
Hindistana gəldikdə isə bu ölkə sadəcə silah sənayesini böyütmək və istehsal etdiyi silahları test etmək üçün Ermənistan kimi ölkələr axtarır. Hətta deyərdim, indiki məqamda Ermənistan kimi ölkə çox azdır. Hindistan bu sahədə yenidir və silahların keyfiyyətini dünyaya göstərmək istəyir”.
Turan Rzayev
Globalinfo.az