İlham Əliyev bunu deməyib… – Hikmət Hacıyev anti-Azərbaycan tezislərini təkzib etdi

Avropada anti-Azərbaycan isterikasının qızğın vaxtında Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın ZDF yayım şirkətinin təxribat xarakterli suallarını birbaşa cavablandırıb və rəsmi Bakının mövqeyini aydın şəkildə ortaya qoyub.

Globalinfo.az Caliber.az-a istinadən həmin müsahibəni təqdim edir:

– Ötən ilin sonunda İlham Əliyev Ermənistanın cənub rayonlarını Azərbaycana məxsus hesab etdiyini bildirdi. İndi Əliyevin məqsədi Ermənistandan əraziləri geri almaqdırmı?

– Prezidentimiz bunu deməyib və təəssüf edirəm ki, beynəlxalq mediada onun bəyanatları yanlış şərh edilib. İlkin kontekstdə o, tamamilə başqa məsələləri nəzərdə tutub. Azərbaycanlılar indiki Ermənistan ərazisində həmişə yaşayıblar. Mənim əcdadlarım da indiki Ermənistan ərazisində yaşayıblar. Söhbət şəxslərarası təmaslardan gedir. Azərbaycanlıların da bu əraziləri, məsələn, mədəniyyət ocaqlarını, qəbiristanlıqları ziyarət etmək hüququ olmalıdır. Bu, Ermənistana qarşı ərazi iddiaları demək deyil.

Zəngəzur dəhlizi ilə bağlı ümid edirik ki, Ermənistan öz öhdəliklərini yerinə yetirəcək. 2020-ci il Üçtərəfli Bəyanatına əsasən, Ermənistan azərbaycanlıların ölkənin digər rayonlarından Naxçıvana maneəsiz keçidini təmin etməyə razılaşıb. Lakin İrəvan hələ də öz öhdəliyini yerinə yetirməyib.

– Azərbaycanda Ermənistana hərbi zərbə endirmək ehtimalı müzakirə olunurmu?

– Xeyr. Bizim üçün istənilən hərbi təsir vasitələri arxada qalıb, çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan əməliyyatları yalnız öz ərazisində və özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinə uyğun olaraq həyata keçirib. İkili standartlar, ərazi bütövlüyünə seçici münasibət olmamalıdır.

– Hazırda Azərbaycanın da üzv olduğu Avropa Şurası Parlament Assambleyası ilə bağlı müzakirələr gedir. Bu onunla bağlıdır ki, bir çox deputatlar Azərbaycanı xarici və daxili siyasətdəki tendensiyalara görə tənqid edirlər. İndi Azərbaycan bu məclisi tərk etmək istəyir. Niyə?

– Çox təəssüf edirəm ki, belə vəziyyət yaranıb. Amma AŞPA-dakı bəzi deputatlar, xüsusən də Almaniyadan olan deputatlar hamıya mühazirə oxumağı xoşlayırlar. Qərbdə baş verən bəzi hadisələrlə bağlı bizdə də böyük narahatlıq var. Məsələn, Aİ-də miqrantların hüquqları məsələsi. Biz islamofobiya və antisemitizmin nəticələrindən də narahatıq. Amma AŞPA deputatları bütün bu məsələlərdə susur və yalnız Azərbaycanı tənqid edirlər.

– AŞPA üzvlərinə seçkilərə buraxılmamasının səbəbi də bu idi?

– Azərbaycanın AŞPA qarşısında müşahidəçilərin dəvət olunması ilə bağlı heç bir öhdəliyi yoxdur. Bizim ATƏT qarşısında öhdəliklərimiz var. Biz əməkdaşlıq edirik və hazırda prezident seçkiləri ilə bağlı ATƏT nümayəndələri Bakıdadırlar. Təəssüf edirəm ki, AŞPA-nın bəzi üzvləri Avropa Şurası çərçivəsində ümumi əməkdaşlıq ruhuna xələl gətirirlər. Bunun arxasında hansı məqsədlərin dayandığını bilmirəm. Biz bunun əks-məhsuldar olduğuna inanırıq. Hesab edirəm ki, Azərbaycan AŞPA-ya böyük fayda gətirib.

– Noyabr və dekabr aylarında Azərbaycanda hökumətin korrupsiyasını araşdıran bir neçə jurnalist həbs edilib. Onlar apardıqları araşdırmalara görə həbs olunublar?

– Korrupsiya ilə bağlı araşdırma apardıqlarını iddia edən strukturların özləri korrupsiya ilə məşğul olublar. Bəzi KİV Azərbaycandakı fəaliyyətlərinə görə qanunsuz çirkli pulların yuyulması kanalları vasitəsilə 300 min dollar alıblar. Bizim də hüquqi və qanuni hüququmuz var ki, media qurumlarından onların maliyyələşməsini soruşaq. Bu qurumlar şəffaflığı təmin etməyiblər. Onlar Azərbaycandan kənarda qeyri-qanuni mənbələrdən istifadə etməklə qanunsuz çirkli pulların yuyulması fəaliyyətlərini davam etdiriblər.