VII çağırış Milli Məclisin üzvü Hikmət Babaoğlu Aşıq Ələsgərin heykəli ilə bağlı olduqca maraqlı detallara diqqət çəkib.
O bu haqda feysbuk hesabında paylaşım edib.
Ozanımızın əlində sazın bu şəkildə təsvirini tənqid edənlərə Hikmət Bababaoğlu cavab verib.
Globalinfo.az deputatın yazısını təqdim edir:
“Dədə Ələsgərin sazı, heykəlin duruşu və sosial şəbəkələrin fırtınası
Ulu ozanımız Dədə Ələsgər bizim kəndimizdə (Qərbi Azərbaycanın Amasiya rayonu) iki dəfə toyda olub. Bir dəfə ustad Qarsa toya gedərkən bizim kənddə gecələməli olur. Sən demə, həmin gün Çıldırlı aşıq Şenlik kəndimizdəki toy mərasimini idarə edirmiş. Ulu Ələsgərin gəldiyini eşidən kənd camaatı israrla onu toya dəvət edir. Ələsgər imtina edərək deyir ki, “Mən Şenliyin üstünə toya getmərəm, ayıb olar.” Nəhayət, uzun isrardan sonra toya getməyə razı olur, ancaq sazsız. Çünki ozan əxlaqına görə, ustad aşıq ustad aşğın üstünə sazla getməzmiş.
Ələsgəri toyda coşqu ilə qarşılayırlar. Yenə də israrla, heç olmasa bir hava çalmasını xahiş edirlər.
Hikmət Bababaoğlu
Ustad deyir ki, “Yaxşı, onda gedin, mənim sazımı gətirin, Şenliyin sazı mənimlə danışmaz”. Məsələ belə imiş ki, Şenliyin sazı indiki türk bağlamasına daha çox bənzəyirmiş, nəinki bizim saza. Ələsgər bir “Göyçə gülü” havası çalaraq məclisi məst edir. Havanı bitirəndə sazı şahlandıraraq son akkordları vurur. Məclis əhli Ələsgəri uzun-uzun alqışlayır, külli miqdarda “nəmər” (bəxşiş) verir.
Sonda aşıq Şenlik “Çıldır gözəlləməsi” havası ilə məclisi bağlayır və aşıqların deyişməsini istəyənlərə deyir:
Aşıq Şenlik Suxaralı,
Ələsgər Göyçə mahallı,
Nəyə lazım qeylü-qallı,
Əzəl-axır yaxşılıqdı.
Diqqət etdinizsə, mən bir ifadə işlətdim: Dədə Ələsgər son akkordda sazı şahlandırdı. Yəni, dünən Müzəffər Ali Baş Komandanımızın açılışında şəxsən iştirak etdiyi heykəldə olduğu kimi, sazı başının üstünə qaldırıb kənardan son akkordları vurdu. Eynilə dünən açılışını etdiyimiz heykəlin təsvirində olduğu kimi.
İndi sosial şəbəkələrdə heykəli tənqid etmək fikrinə düşənlərə sözüm odur ki, belə duruş “sazın şahlandırılması” adlanır və ulu ozanımız da zaman-zaman, coşqulu məclislərdə belə edib. Əsas məsələ isə heykəlin necə olması deyil, onun kimə aid olması, o heykəli kimin qoydurması və niyə məhz indi qoyduraraq açılışına gəlməsidir.
Əziz dostlar, heykəlin üzü Qərbə baxır. Yolumuz Qərbi Azərbaycanadır!”














