Heydər Əliyev baş nazir olmaqdan niyə imtina etdi? – Elçibəyin “B planı”, Surətin sui-qəsd cəhdi

Əməkdar jurnalist Azər Ayxanın bu məqaləsi 15 iyun 2023-cü ildə dərc edilib. Globalinfo.az mövzunun aktuallığını nəzərə alaraq ictimaiyyətdə böyük maraq doğurmuş yazını yenidən təqdim edir:

1993-cü ilin bu günlərində Azərbaycanın taleyi həll edilirdi. Ölkənin var olub-olmayacağı məsələsi gündəmdə idi. Gəncədə Rusiya hərbi elitasına bağlı qüvvələr qiyam törətmişdi, dövlətə tabesizlik göstərmiş, silah qaldırmışdılar. Qardaş qanı axıdılmışdı. Paraleldə cənub bölgəsində, şimal regionunda da separatizm güclənirdi. Ələkrəm Hümbətovun ifasında Rusiya “Talış Muğan Respublikası” kartını hazır vəziyyətə gətirmişdi. Şimal rayonlarında isə “Sadval” aktivləşdirilmişdi. Muxtariyyət tələb etməyə hazırlaşırdı.

Bir yandan da Ermənistanın işğalçı müharibəsi ölkəni heydən salmaqda idi. Əhali dərin mənəvi-psixoloji sarsıntılar içində çabalayırdı. Elçibəy hökumətinin təcrübəsizliyi, xüsusilə də Kəlbəcərin işğalından sonra balansı itirməsi, siyasi, hərbi vəziyyətə nəzarəti əldən verməsi xaosu dərinləşdirmişdi. Mətbuata senzura tətbiqi, hərbi vəziyyət elan olunması, komendant saatı – bunlar da işə yaramırdı.

4 iyun qiyamı baş verdikdən sonra hakimiyyətdə çaşqınlıq daha da artdı. Bir-birinə zidd bəyanatlar, ağlasığmaz təkliflər havada uçuşurdu. Xalq nə hökumətdəkilərə inanırdı, nə hakimiyyət əleyhinə çıxan Surət Hüseynova güvənirdi. Əbülfəz Elçibəy həm ölkəni qurtarmaq, həm də cəmiyyətin istəyini yerinə yetirmək üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Bakıdan Naxçıvana təyyarə göndərildi. Heydər Əliyev Bakıya gəldi. Prezidentin rezidensiyasında görüş oldu. İlk danışıqlar uğursuzluqla nəticələndi. Heydər Əliyev ona təklif edilən baş nazir postundan imtina etdi. Xatırladaq ki, 6 iyun 1993-cü ildə o vaxtkı baş nazir Pənah Hüseynov istefa vermişdi. Post boş idi. Amma H.Əliyev bu təklifə razı olmadı. Bildirdi ki, onun daha geniş səlahiyyəti olmalıdır. Elçibəy istəyirdi ki, Heydər Əliyev qiyamçılarla danışıqlar aparsın, onları neytrallaşdırsın. Bakıya tankla, topla gəlməsinlər. AXC hakimiyyətinin bir məqsədi də o olub ki, H.Əliyevin nüfuzundan, gücündən istifadə edərək qiyamı yatırsınlar, proseslər normallaşdıqdan sonra təşəbbüsü yenidən ələ alsınlar. Heydər Əliyevi oyundan kənar vəziyyətə salsınlar, o, Naxçıvana qayıtmağa məcbur qalsın. Ona görə də ona baş nazirlik təklif olunub.

Heydər Əliyev bu cür ağır, məsuliyyətli prosesə qatılmaq üçün dövlət adından söz verməli, qərar qəbul etməli idi. Ona görə də daha yüksək vəzifəyə seçilməsinə ehtiyac duyurdu. Bunun üçün Ali Sovet – Milli Məclis sədri postuna gəlmək istədiyini bildirib. Ə.Elçibəyin razılaşmaqdan başqa yolu qalmamışdı. Beləliklə, Heydər Əliyev 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilərək ölkənin ikinci şəxsi postunda qərarlaşdı. Bu haqda o dövrün mətbuatında geniş yazılıb.

 

Gəncə şəhəri. İyun, 1993-cü il 

Onun ilk işi Gəncəyə getmək, orada Surət Hüseynov və ətrafı ilə danışıq aparmaq oldu. Burada bir məqamı mütləq vurğulamaq lazımdır. H.Əliyev Gəncədə olarkən Surət Hüseynovun adamları ona qarşı sui-qəsd təşkil etmək istəyib. Amma bu xain plan baş tutmayıb. Özü bu haqda deyirdi ki, onu öldürmək istəyiblər, ölkəyə gəlməsinin qarşısını almağa çalışıblar, heç biri baş tutmayıb. Ardınca da belə söyləyirdi: “Allah qoruyana kimsə bir şey edə bilməz”.

Heydər Əliyev Milli Məclisin sədri seçildikdən 2 gün sonra Əbülfəz Elçibəy Bakını tərk edərək Kələkiyə getdi. Onun bu addımından çox az adamın xəbəri olub. Allah Elçibəyə rəhmət eləsin, bu gedişi ilə ölkədə növbəti siyasi böhran yaratdı.

Qısa müddət sonra AXC rəhbərliyi Heydər Əliyevlə bağlı ritorikanı dəyişdi. Dövlətə silah qaldıran, Vətənə xəyanət edən Surət Hüseynov bir kənarda qaldı, Xalq Cəbhəsi bütün kin və nifrət vektorunu Heydər Əliyevə tuşladı. Onu qiyamda iştirakda suçladılar. Surətlə işbirliyində ittiham etdilər. Halbuki prezident Əbülfəz Elçibəy Heydər Əliyevin dalınca Naxçıvana təyyarə göndərmişdi, onu israrla Bakıya dəvət etmişdi, dövlətin ikinci postunu vermişdi. Bu rəftar Heydər Əliyevdə AXC rəhbərliyinə qarşı xəyal qırıqlığı yaratdı. Parlament tribunasından deyirdi: “Məni Bakıya dəvət edib, sonra barəmdə böhtan danışırlar”. Hətta söyləyirdi ki, istənilən vaxt Naxçıvana qayıtmağa hazırdır. Kələkidən gələn növbəti tapşırıq Azərbaycanı daha dərin krizisə soxdu. Hakimiyyətdə təmsil olunan AXC nümayəndələri hamısı kütləvi şəkildə vəzifədən istefa verdilər. Adını da belə qoydular: “Müvəqqəti olaraq vəzifəmizi dondururuq”. Halbuki Heydər Əliyev onlara qalıb birgə işləməyi təklif edirdi. Ölkənin belə ağır vaxtında istefa vermək Azərbaycana yaxşı perspektiv vəd etmirdi. Qaçmaq demiş, Surət Hüseynov hələ Bakıya gəlmədən Xalq Cəbhəsi hakimiyyətinin əksər üzvləri paytaxtdan qaçmağa başladılar. Soluğu Kələkidə alanlar da oldu, qonşu ölkələrdə gizlənənlər də.

Sonralar 15 iyun Azərbaycanın Qurtuluş Günü elan edildi. Bu günün gerçəkdən qurtuluş olduğu 27 il sonra daha dəqiq bilindi. 8 noyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, ona Şuşanın azad edildiyi barədə hesabat verəndə tarixi ardıcıllıq Azərbaycan xalqına agah oldu.

Bu gün həm də Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür. Prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin bu tarixi sənədi imzalamaları Türk Dünyasının Qurtuluş və Quruluş günü kimi tarixə düşdü.

Azər Ayxan
Globalinfo.az